• Soyuq aylarda çəkimizi necə qorumalıyıq?

Reseptin məlumatları Baxış sayı: 2 451

Tarix : 20-01-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Sanki bu, fizioloji qanundur – ta qədim zamanlardan insanlar soyuq aylarda piylənirlər, çünki bu yolla orqanizm özünü soyuqdan qoruyur. Məhz bununla bağlıdır ki, təbiət qışda çəkimizi artırmağa cəhd edir. Digər tərəfdən, yaz-yay-payız aylarında insanlar intensiv işləyir, torpaqla əlləşib qışa tədarük görür və qışda digər üç fəsildə topladıqlarını xımır-xımır yeyirdilər. Düzdür, indi başqa dövrdür, “qış yuxusu”na getməyə macal yoxdur. Amma insanın fizioloji “konstitusiya”sına qış “yeyib-içmək fəsli” kimi yazılıb.

Bundan başqa, çox zaman Yeni il bayramında qeyri-iş günlərinin uzunluğu, ləziz yeməklər, spirtli-spirtsiz içkilər, şirniyyat və s. qamətimizi, bədən quruluşumuzu əndazədən çıxarır.

Odur ki, qışdan yaza, xüsusilə də çimərlik mövsümünə mütənasib bədən quruluşu ilə çıxmaq üçün “qış piylənməsi” ilə ehtiyatlı davranmaq lazımdır.

Bu banal problemi də bir daha xatırladaq ki, necə arıqlamaq sualı “köklüyü vecimə almıram” deyənləri də narahat edir. Bir sözlə, artıq çəki bir çox problemimizin bəlkə də əsas mənbəyidir: köklük kompleksi, xoşagəlməz zahiri görünüş, sağlamlıq, hətta əks cinslər arasında müəyyən narazılıqlar və s.

Odur ki, izafi kilolardan yaxa qurtarmaq üçün saysız-hesabsız müxtəlif proqram və metodlardan, o cümlədən pəhrizlərdən, dərmanlardan, iştahı pozan vasitələrdən, piyəridən preparatlardan və s. üsullardan istifadə edirlər. Bu başqa məsələdir ki, belə metodlar bəzən effekt vermir, əksinə orqanizmə ziyan vurur.

Bunu yazmaqla məqsədimiz arıqlamaq üçün xüsusi bir resept təqdim etmək deyil, bədən quruluşumuzu və qamətimizi qış piylənməsi ilə korlamaqdan qaçmaq yollarını göstərməkdir.

Kimsə üçün sirr deyil ki, dadlı bir şokolad parçası dərhal əhval-ruhiyyəmizi yaxşılaşdırır. Bunun sirri serotonində – xoşbəxtlik hormonundadır. Şokolad həmin hormonun orqanizmdə yaradılmasında xüsusi rol oynayır və özü də serotoninə özəlliklə qış aylarında ehtiyacımız var.

Yeri gəlmişkən, Şotlandiyanın Aberdin Universitetinin alimləri özlərinin son tədqiqatlarında şokoladın sağlamlıq üçün faydalı olduğunu bir daha sübut ediblər. Üstəlik, eksperiment zamanı şokoladı kişi orqanizminin daha yaxşı mənimsədiyi aşkara çıxıb və bir daha təsdiq edilib ki, qara şokolad insult və ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır. Bir neçə şokolad tikəsi həm kişilərdə, həm də qadınlarda qan dövranı prosesini normallaşdırır. Düzdür, qadınlarda 2 saatdan sonra bu effekt itir, kişilərdə isə 4 saata qədər davam edir.

Kakaodakı flavanol maddələri arteriyaların funksiyasına müsbət təsir göstərir. Bu maddə sayəsində damarlar daha yaxşı boşalır, damarlarda dövr edən angiogen hüceyrələrinin miqdarı isə ikiqat artır. Nəticədə damarlar daha sağlam olur, ürək-damar xəstəliklərindən ölüm riski azalır.

Yeməkdə şokoladdan istifadə edilməsi isə trombositlərin birləşməsinə mane olur ki, bu da trombların əmələ gəlməsinin – damarların tutulmasına, infarkta və insulta gətirib çıxara biləcək qan laxtalanmalarının qarşısını alır.

Lakin şokoladda həmçinin böyük miqdarda şəkər var: yəni biz kefimizi kökəltmək, əhval-ruhiyyəmizi yaxşılışdırmaqla orqanizmə sadə karbohidratlar da daxil edirik – onlarsa tədricən artıq kilolara çevrilirlər. Necə deyərlər, şokolad bir tərəfdən sevinc, digər tərəfdən qəm gətirir.

Bu dilemmanı kiçik bir “hiyləgərlik”lə həll etmək olar. Yəni şokolad yeməkdən tam imtina etməyin, amma yalnız qara, daha çox kakaolu, heç bir əlavə və qatqıları olmayan şokoladlar alın və sutka ərzində 2-3 kiçik parça yeyin. Bu sizin şokoladdan tam doymanıza yetmirsə, şokolad qoxularından – şokolad iyi verən ətirlərdən, kremlərdən və saqqızlardan istifadə etmək olar…

Soyuq havalarda orqanizm daim karbohidrat tələb edir. Bu, ilk növbədə hormonal dəyişiklərlə bağlıdır və nəticədə karbohidratların mənimsənilməsi pisləşir. Karbohidratlar deyəndə ilk ağlımıza şirniyyat və un məmulatları gəlir. Əslində, onları meyvə, tərəvəz və quru meyvələrlə əvəz etmək olar. Təzə meyvələri sıxıb dərhal şirəsini içmək daha faydalıdır. Məsələn, yerkökü şirəsi bir neçə qara gavalı şirəsi ilə qarışdırılıb içilərsə, orqanizm karotin payını alacaq, sitrus meyvələrinin şirələri isə bizi C vitamini ilə təmin edəcək.

Qış üçün əla meyvələrdən biri Braziliya qozudur: bu qoz depressiyanın qarşısını alan selen, serotonin istehsalı üçün lazım olan B qrupu vitaminləri və E vitamini ilə zəngindir. Lakin bu qozu yeyəndə normanı aşmayın: gündə 1 xörək qaşığı bəs edir…

Qeyd etdik ki, əvvəllər insanlar üçün bədənlərini soyuqdan qorumaq məqsədilə orqanizmin piy ehtiyatı yığması zəruri idi. Yəni soyuğa tab gətirmək üçün yaxşıca qidalanmaq lazım idi.

Digər tərəfdənsə, havanın temperaturu aşağı düşdükdə maddələr mübadiləsi prosesi ləng gedir. Maddələr mübadiləsinin ləngliyi o deməkdir ki, qışda nə yeyiriksə, orqanizm onu qənaətlə sərf edir. Qışda bizi tənbəllik basması, az hərəkət etmək istəməyimiz də maddələr mübadiləsinin ləng getməsi ilə bağlıdır.

Əgər orqanizm qənaət rejiminə keçibsə, biz daha az kalorili qidalarla yetərlənə bilərik. Bunu da qeyd edək ki, qışda qadınlar daha çox kökəlir, müxtəlif fiziki məşğələlərə rəğmən piy ehtiyatları artır. Bu problemin öhdəsindən qışda isti aylara nisbətən fiziki məşğələlərin sayını iki-üç dəfə artırmaqla gəlmək olar…

Qışda, ümumiyyətlə, ilin hər fəslində qidalanarkən ərzaq məhsullarının kaloriliyi və kimyəvi tərkibini bilməyin xüsusi önəmi var.

Ərzaq məhsullarının kaloriliyini onların kimyəvi tərkibi müəyyənləşdirir. Məsələn, piydə daha çox enerji var: 1 qramda təxminən 9 kilokalori (kkal). 1 qram karbohidrat və ya zülalda isə təxminən 4 kkal var.

Piy daha çox kərə yağında, ərinmiş yağda, yağlı ətdə, sosisdə, sardelkada, şokoladda və bitki yağlarında olur ki, bu qidalar da ən yüksək kalorili sayılırlar. Məsələn, yağlı donuzda piy 49,3 faizdir və 100 q donuz ətində 500 kkal var.

Tərkibində suyun həcmi böyük olan qida məhsulları az kalorilidir və piylənməyə daha az imkan yaradırlar. Belə qidalara meyvə və tərəvəz aiddir. Tərəvəzdə su nə qədər çoxdursa, kalori bir o qədər aşağıdır. Bu, bitki mənşəli ərzaq olan çörəyə də aiddir.

Çox böyük kalorili ərzaq məhsullarında qidanın 100 qramına 450-900 kkal düşür. Belə qidalara kərə yağı, əridilmiş yağ, günəbaxan yağı, donuz piyi, kolbasa, şokolad, qozlar, kremli pirojnalar və s. aiddir.

Böyük kalorili qida məhsullarında 100 qrama 200-449 kkal düşür: donuz əti, qoyun və mal ətləri, sosis, sardelka, qaz-ördək əti, smetan, balıq kürüləri, pendirin müxtəlif növləri, nərə balığı, çörək, makaron, şəkər, bal, mürəbbə və s.

Orta kalorili qidalarda 100 qrama 100-199 kkal düşür: yağsız mal və qoyun əti, sığın, dovşan, maral, quzu ətləri, toyuq yumurtası, skumbriya, stavrida yarıyağlı kəsmik, yoqurt və s.

Az kalorili qidalarda 100 qrama 30-99 kkal düşür: süd, qatıq, yağsız kəsmik, treska, sudak, karp (hər 3-ü balıq növüdür), giləmeyvələr, meyvələr, yaşıl noxud, kələm, kartof, yer kökü, çuğundur və s.

Çox az kalorili ərzaq məhsullarında 100 qram qidada 30-dan az kkal olur: xiyar, turp, qırmızı turp, pomidor, şirin bibər, balqabaq, təzə göbələk və s.
Etiketlər: şokolad, kalorili, etmək, qışda, orqanizm, ərzaq, düşür, aiddir, istifadə, qrama, donuz, böyük, başqa, bədən, bağlıdır, Məsələn, tərəfdən, məhsullarında, müxtəlif, qədər
BİZİ İZLƏYİN