• Pəhrizdə etdiyim 10 səhv

Reseptin məlumatları Baxış sayı: 2 229

Tarix : 24-09-2018, 10:00

Bölmə : Pəhriz (diet)


Əlbəttə arıqlayana kimi 18473930 dəfə səhv edirsən. Xüsusən də mənim kimi uzun illər arıqlamaq istəyib pəhriz tutub, qırılıb, kökəlib, yenidən pəhriz tutanlar.

Mən özümə sual verirəm, nə üçün indiyə kimi arıqlaya bilməmişdim?

Səhvlərim nə idi?

Cavablarım belə olur:

Qarşıya qoyulan məqsədə köklənməmək. Belə olur doğrudan da, qarşına məqsəd qoyursan – 1 həftə o məqsəddə ciddi olursan. Daha sonra nə istədiyini unudursan, fikirlərin yayılır, istəyin azalır. Bu hər bir şeyd belədir. Gərək insan tez-tez nə üçün nəyisə istədiyini xatırlatsın, özünü ruhlandırsın, məqsədini, tutduğu yolu unutmasın. İstəyinı azalmağa qoymasın.
Özümə zaman qoymaq. Bəlkə də kiminçünsə effektiv ola bilər zaman qoyub – filan vaxta kimi arıqlamalıyam demək. Amma bu məni inanılmaz sıxırdı. Zaman azaldıqca və kilom getmədikcə sıxılırdım. Həmin vaxta arıqlaya bilməyəciyimi düşünüb qırılırdım və hər şey yenidən sıfırdan başlayırdı.
Gündəlik menyumda sevmədiyim yeməkləri yemək. İnsan psixologiyası belədir ki, düşünür sevmədiyi nəyisə edirsə deməli mükafat da yüksək olacaq. Məsələn 1 həftə qarabaşaqla qidalansa bu arıqlamaq üçün etdiyi fədakarlıqdır və nəticə mütləq olacaq. Əlbəttə nəticə də olur. Amma 1 həftə bitir, 3 kilo atılır və nə olur? Qayıdırıq köhnə rejimə, yenidən kilo alırıq amma bu dəfə pəhrizə və qarabaşağa nifrət etməyə başlayırıq. Pəhrizdə olsanız belə sevdiyiniz yeməklərdən ibarət pəhriz qurun. Tənbəllik etməyin. Menyunuzu özünüz düzəldin, oturun üzərində işləyin ki, nə yesəm həm sevərəm, həm də ağır olmaz?
Müqayisə etmək. Özümü hər zaman müqayisə edirdim. Filankəs necə gözəl arıqlayıb, of mən nə vaxta belə arıqlayaram? Filankəs necə gözəl kökdür, of mən niyə elə deyiləm? Filankəs sağlam qidalanır! Mən də başlayıram. Filankəs detox edir. Vəssalam, mən də edəcəm. Filankəs hər axşam süd içir və 3 günə 7 kilo atıb! getdim eeeee. Amma belə olmur dostlar. Təəssüfki olmur. Ya da nə yaxşı. Hər birimizin orqanizmi bir-birindən o qədər fərqlənir ki. Həmin o filankəsi arıqladan sizi kökəldə bilər. Filankəsin iradəsi, formaları, yaşadığı həyat, problemləri, orqanizmləri… hamısı bizimkindən fərqlənir. Tək gəlirik bu dünyaya, amma nədənsə özümüzü hansısa qrupa, kimlərəsə aid etməyə, kimlər kimisə olmağa can atırıq. Özünüz olun, öz yolunuzu çəkin. Siz öz fərdiliyinizi anlasanız, ətrafdakı hər kəs 1. sizi gözəl görəcək, 2.seçdiyiniz yol da sizə uyğun olacaq və asanlıqla kilolardan azad olacaqsınız.
Özümə mükafat olaraq bütün 1 günü pəhrizi pozmağa icazə vermək. Ən böyük səhvlərimdən biri. OLMAZ! Qəti olmaz bütün günü, səhərdən axşama kimi pəhrizi pozmaq. Həftədə, yaxud 10 gündə 1 dəfə böyük hərflərlə BİR DƏFƏ yəni, ya səhər, ya günorta, ya axşam özünüzə istədiyiniz yeməyi icazə verə bilərsiniz. Həm səhər, həm günorta, həm axşam, həm ara yeməklərdə – pozmaq olmaz! Onda kilonu nə qoruya bilirsən, nə azala bilirsən. Atdıqlarını da bir günə geri alırsan. Bəli, bir günə 2-3 kq geri qazanırsan və bu 2-3 kq. 1gün, 2gün ac qalmaqla getmir. Gərək yenidən sıfırdan başlayasan. Onda da yerində addımlamış kimi sayılırsan.
Bir dəfədən heç nə olmaz təkliflərinə aldanmaq. Qonaqlıq. Toppuş və formalarından razı, arıqladığını görəndə ən acınacaqlı ifadə ilə – xəstələnmisən? – soruşan xalalar. Əşi bir dəfədən heç nə olmaz yeee! Bax, bax, bax Aysel bu elə dadlıdır, bunun dadına bax. Sən mənim canım ye. Sən mənim ölmüşüm ye. Küsüm?! KÜS!!! Küs anam! Küs bacım! Küs xalam! Hər yeməyin dadlı olduğuna inanmaq üçün onu dadmayın. Yemək həmişə var, amma dadlı yeməkdən sonra itirilən iradəni tapmaq, qazanılan kiloları isə itirmək çətindir. Güclü olun. Belə qonaqlıqlarda sərt olmaqdan çəkinməyin. Məqsədinizi unutmayın və limitləriniz aşmayın. Əlbəttə bu sərt qayda aktiv kilo atmaq mərhələsinə aiddir. Məsələn istədiyiniz nəticəyə çatmısınızsa, doğrudan da 1 dəfədən heç nə olmur, qonaqlıqları burnunuzdan gətirməyin və hər kəslə oturun, yeyin, için. Növbəti gün amma mütləq balans yaradın və az yeyin.
Yeyib kökəlməyənlərə paxıllıq etmək. Hmmm. Solmaz yeyir niyə kökəlmir? Aynura bax hələ, bir məni yemədiyi qalıb. Bu fikirlərin bir açıqlaması var. Solmazın, Aynurun maddələr mübadiləsi sürətli gedir. Onların həzm prosesi yaxşı işləyir. Orqanizmləri belədir. Sən Aysel, əgər artıq kiloların varsa, deməli orqanizmində nəsə ləng işləyir. Ağzın isə əlbəttə non-stop işləyir. Nə ləng işləsə də o ləng işləməz Amma zarafatsız yuxarıda qeyd etdiyim Solmazla eyni porsiyada! yeyirdik (iştahı maşallahdır), o 48-50 kq qalırdı, mən az qala 90 kq olmuşdum Odur ki, müqayisə etməyin (punkt 4)
Tərifə aldanmaq. Uy da necə arıqlamısan, wow necə yaraşır, halaldı necə bacardın? Ən kralı isə arıqlama daha bəsdir. Bu sözlər sizi arxayınlaşdırmasın. İnanın ki, arıqladığınız kiloları özünüzü boş buraxsanız 1 həftəyə alarsınız. O wow görüntüdən, oops görüntü qalar geriyə. Arıqlama daha bəsdir isə, mənə 75 kq olanda da bu sözü deyiblər, 60 kq olanda da. Yəni əslində kənardakı insanlar bu rəqəmlərdəki fərqi önəmsəmirlər. Əsas görüntüyə köklənirlər. 75 kq görəndə sizi düşünmürlər ki, 60da daha gözəl görsənəcəksız. Onlar düşünürlər nəəəəə 60?! Skelet! heh! Lap düşəcəksən, arıqlama o qədər! Yaraşmayacaq! Bilmirəm məni 60-da görməyənlər necə yaraşmayacağını düşünürlər?
İdmanı məcbur etmək. Məcbur yeyilən qarabaşaq kimi bu da insanda idmana sevgisizlik oyadır. Mən trenajorlarda da məşq etmişəm, aerobikaya da getmişəm, üzmüşəm də, yerimişəm də. Trenajor və aerobikaya nifrət etmişəm. Çünki məcbur gedirdim, həvəssiz, istəksiz. Üzmək və yerimək isə çox sevirəm. Üzmək insanı necə rahatlaşdırır, sudakı o sərbəstlik, o bütün əzələlərin işlədiyini hiss etmək.. Yerimək isə ümumiyyətlə, yəni buna idman kimi yox, adi hərəkət kimi baxıram. Səyahətlərdə normal qidalanaraq (pəhrizsiz, amma limitlə) kökəlməməyimin səbəbi gündə 10-15 km yerimək idi.
Pəhrizin müəyyən zamanlıq bir yol olduğunu düşünmək. 15 gün döz vəssalam. 7 gün qaldı. Son 1 gün!!! Aha. Bəs sonra? Yeməklərə hücuuuuuuuum! Səhvdir-səhvdir! Pəhriz bir zamanlıq bir şey deyil. Kilolar varsa – onlar həmişə olacaq diqqət etməsəniz. Məhz buna görə deyirəm – bədəninizə, zövqünüzə uyğun pəhriz, yemək tərzi quraşdırın ki, buna ömürlük riayyət edə biləsiniz. Qidalanma sizə işgəncə gəlməsin, əksinə zövq versin.
Bu qədər. Ənənəvi olaraq, before/after şəkli paylaşıram.

Bu mənim səhvlərim idi, bu postu çox zövq alaraq yazdım. Düşünürəm ki, bütün bildiklərimi və yaşadıqlarımı sizinlə paylaşıram və kaş ki, bunları daha əvvəl mənlə də paylaşan olsaydı. Bəlkə yolum daha asan olardı.

Sevgi ilə qalın!

Aysel Hüseynova
BİZİ İZLƏYİN