• Çini qab seçmək

Reseptin məlumatları Baxış sayı: 11651

Tarix : 7.07.2015, 10:00

Bölmə : Mətbəx əşyaları




Qab-qacaq seçərkən öncə onun xarici görkəminə diqqət yetiririk. Xoşumuza gələndən sonra isə onu daha diqqətlə "öyrənməyə" başlayırıq. Serviz servantda göz oxşamaq üçün deyil, istifadə etmək üçündür. Odur ki, onu alarkən birinci növbədə onun rahatlığına və təmizləmək üçün asan olub-olmadığına fikir vermək lazımdır.

Qab-qacaq sağlamlıq üçün təhlükəsiz olmalıdır. Bunu isə ilk baxışdan təyin etmək çətindir. Seçim zamanı əsas amil - qabın hansı materialdan hazırlanmasıdır. Süfrə üçün qabların istehsalında ən yaxşı xammal isə çini, saxsı, gil və şüşə hesab olunur.

Çini və saxsı qablar

Qabları ənənəvi olaraq keramika və şüşədən hazırlayıblar. Bunlara çini və saxsı qablar aiddir.

Çini qablar zərif və gözəldir. Çox dayanıqlı və bəmbəyazdır, işığa tutarkən işıqlanır, sanki bir az da nazik olsa, o biri tərəfini görəcəksən. Kənarına yüngülcə toxunanda təmiz və uzunmüddətli cingilti yayılır.

Saxsı qab ağ məsaməli materialdan hazırlanır. Bu material özünün ilkin çəkisinin 10%-i miqdarında nəmi özünə hopdura bilir. Saxsı qab işığı buraxmır və kənarına yüngül toxunduqda boğuq səs yayılır. Saxsı qabların üzəri şüşəyəbənzər qlazurla (şirlə) örtülür. Bu qabların termik və mexaniki davamlığı bir qayda olaraq çini qablarda olduğundan daha zəifdir.

Ziyafət masası üçün azı 40 və daha çox predmetdən ibarət çini serviz gərəkdir. Əgər çini dəstdən gündəlik istifadə etmək niyyətindəsinizsə, o zaman kənarları qalın qablara üstünlük verin, onların davamlılığı daha çoxdur.

Hazırda qlazuraltı dekorlu çini qabları 4 ölkənin - Çexiya, Avstriya, Almaniya və Yaponiyanın fabrikləri istehsal edir.

Ancaq hər zaman bazarda "təmiz" çini qab tapmaq olmur. Bəs bunları necə ayırd etməli?

Mağazada adıçəkilən ölkələrdən birinin istehsalı kimi təqdim edilən çini qabı əlinizə alın. O, ideal hamar olmalıdır, üzərində heç bir məsamə, yaxud qabarıqlıq, nöqtə, düyün olmamalıdır.

Çexiya istehsalı olan çini işığı digərlərindən daha güclü buraxır. Fincan, yaxud nəlbəkini işığa tutun, əsldirsə, işıq saçacaq. Saxtadırsa, təbii ki, olduğu kimi "soyuq" və tünd qalacaq.
Çexiya istehsalı çinilər tək bayırının deyil, dibinin səliqəsi ilə də seçilir. Fincan və ya nəlbəkini hamar səth üzərinə qoyun (adətən, hər bir qab-qacaq mağazasında şüşə vitrin olur). Onu hərtərəfli gözdən keçirin: alt dairə tamamilə səthin üzərinə oturmalı, arada məsamə, yaxud çıxıntı qalmamalı, qab yellənməməlidir.
Bəzən boşqabın, yaxud fincanın altında 3 nöqtə olur, qorxmayın: bu, qab bişirilərkən onları üstündə saxlayan iynələrin yeridir.

Servizə daxil olan bütün əşyaları hərtərəfli gözdən keçirin. Onların üzərində heç bir əyrilik, çatlaq olmamalıdır. Çexiya fabrikləri öz məhsullarının üzərinə saxtalardan qorunmaq üçün xüsusi nişan qoyurlar. Bu nişan qlazurun altına yerləşdirildiyindən heç vaxt silinmir, parlaq rəngini və düzgün konturlarını "ömrünün" sonunadək qoruyub saxlayır.
Servizin naxışına da diqqət yetirin. Bir servizin daxilindəki bütün əşyaların naxışı eyni, həmçinin hamar və dəqiq olmalıdır. Çox xırda detallardakı cüzi fərq yalnız həmin naxışın əllə çəkilməsi zamanı mümkündür.

Əgər "soğan" dekorlu çini dəst alırsınızsa, unutmayın: bunlar yalnız yaşıl və ya göy rəngdə ola bilər, çünki digər rənglər o qabların bişmə temperaturuna davam gətirmir. Çexiyanın Karlovı Varıdakı "Dubi" fabriki ərik, lotos çiçəkləri, açılmış qızılgüllər və soğanlardan ibarət naxışlardan istifadə edir. Alman fabrikləri açılmamış çəhrayı rəngdə qızılgül qönçələri naxışlı çinilər istehsal edir.

Çininin keyfiyyətini səsiylə təyin etmək olar: taxta çubuğu ehtiyatla məmulatın kənarına vurduqda uzunmüddətli cingilti eşidilir.

Çininin elə bir xüsusiyyəti də var ki, onu, təəssüf ki, mağazada yoxlamaq mümkün deyil: o, istini uzun müddət saxlayır, xüsusilə də çex çinisi.

Şüşə və büllur qablar

Şüşə qablara təkcə içkilər üçün nəzərdə tutulan qədəh, badə və stəkanlar aid deyil. Son vaxtlar şüşə boşqablar da dəbdədir. Bunlar saxsı qablar kimi ekoloji təmiz xammaldan - kvars şüşəsindən hazırlanır. Şüşə qabın ən yaxşı xüsusiyyəti odur ki, o, yeməyə kənar qoxu və dad vermir, üstəlik, özündən zərərli birləşmələr buraxmır. Üstəlik, son zamanlar zərbəyə və odadavamlı şüşə qablar istehsal olunur və bunları mikrodalğalı sobada çəkinmədən istifadə etmək olar.

Büllurdan əsasən qonaq qəbulu zaman istifadə olunur. Büllur qədəhlərin şüşə badələrdən fərqli olaraq şəffaflığı və parıltısı daha çoxdur, işıq şüaları onların naxışlarının üzərində sınaraq bərq vurur, həmçinin cingiltisi də qulağa xoş gəlir. Ancaq çoxları bilmirlər ki, büllur qabları hazırlayarkən qurğuşunun oksidindən istifadə olunur. Bu səbəbdən büllur qabda yeməyi, içkini uzun müddət saxlamaq qətiyyən olmaz. Məhz qurğuşun oksidi qatışığı olduğundan büllur qabı isti su ilə yuyarkən üzərində tutqun ləkə əmələ gəlir. Odur ki, büllur qabları yalnız soyuq su ilə yumaq lazımdır.

Metal qablar

Paslanmayan metaldan qablar daha rahat və uzunömürlü sayılır. Qonaq qəbulu zamanı melxior və ya gümüş qablardan istifadə etmək olar. Melxior qabların xarici görünüşü çox gözəldir və masaya xüsusi yaraşıq verir. Bu qablar çox rahatdır - sınmır, çatlamır, onilliklərlə işlənir. Bircə "pis" cəhəti var: özünə xüsusi "qayğı" tələb edir. Onu düzgün yumaq və vaxtında parıldatmaq lazımdır. Bu cür qabları təmizləmək üçün mağazalarda müasir vasitələr satılır.

Melxior mis və nikelin qarışığından hazırlandığından korroziyaya davamlıdır. Üstəlik, melxiorun üstündən 0,3 mm qalınlıqda gümüş çəkilir. Belə melxior gümüş qablardan görünüşcə heç də fərqlənmir, ancaq təbii ki, qiymətcə xeyli ucuzdur.

Etiketlər: qablar, istifadə, etmək, büllur, qabların, saxsı, olunur, qabları, yaxud, Çexiya, deyil, üzərində, hamar, istehsalı, təmiz, olmalıdır, xüsusi, zamanı, fabrikləri, gümüş
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN