• Heyva haqqında

Reseptin məlumatları Baxış sayı: 2 360

Tarix : 13-05-2018, 14:00

Bölmə : Faydalı bitkilər


2-8 m hündürlüyündə ağac və ya kol bitkisidir. Dəyirmi və ya uzunsov formalı, beşyuvalı və sarı rəngli iri meyvələri olur. Meyvələrində 8-10 ədəd açıq qəhvəyi rəngli, tərsinə yumurtaşəkilli toxumlar yerləşir. Adi heyva aprel-may aylarında çiçəkləyir, meyvəsi isə senyabr- noyabr aylarında yetişir.
Meyvələri təzə dərilmiş və qurudulmuş şəkildə, habelə mürəbbə, doşab, cem, şirə, kompot və s. məmulatlar şəklində istifadə olunur.
Adi heyva meyvəsinin tərkibində 12%-ə qədər fruktoza, qlükoza və saxaroza şəkərləri, pektin maddələri, az miqdarda alma, limon və şərab turşuları, Fe, Cu və s. mikroelementlər aşkar edilmişdir
Adi heyva toxumları bürüyücü, yumşaldıcı, antiseptik və zəif işlədici təsir göstərir.
Heyvanın toxumlarının preparatları ( dəmləmə, bişirmə) bir sıra daxili və xarici xəstəliklər zamanı işlədilir.
Daxilə mədə xoralarında, xroniki qastroenteritdə, kəskin və xroniki bronxitdə, traxeitdə, xaricə isə kataral anginada, kəskin və xroniki faringitdə, yanıqlarda və digər hallarda tətbiq edilir.
Heyva toxumlarından hazırlanan çaydan Qafqaz ölkələrində yuxarı tənəffüs yollarının, öskürəklə müşayiət olunan kəskin xəstəlikləri zamanı istifadə olunur.
Dodaqlarda və südverən analarda süd vəzisində əmələ gələn çatları sağaltmaq üçün onların üzərinə heyva toxumlarının dəmləməsindən islatma qoyulur.
Təzə heyva meyvəsi qanazlığı əleyhinə, bişirilmiş heyva meyvəsi isə qaraciyər xəstəliklərində istifadə olunur.

Reseptlər:
1. Heyva toxumunun seliyi – Mucilaqo seminis Cydoniae
1 çay qaşığı toxum tıxacla bağlı şüşə qaba yerləşdirilir, üzərinə 200 ml qaynar su əlavə edilir. 15 dəqiqə müddətində çalxaladıqdan sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan selik, yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
2. Heyva toxumunun dəmləməsi – İnfuzum seminis Cydoniae
1 çay qaşığı toxum emallı qaba yerləşdirilir, üzərinə 200 ml qaynar su əlavə edilir və 1 saat müddətində otaq temperaturunda saxladıqdan sonra süzülür. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan qəbul edilir.
Etiketlər: heyva, edilir, istifadə, meyvəsi, olunur, xroniki, üzərinə, Heyva, kəskin, əlavə, qaynar, dəqiqə, müddətində, toxumunun, yerləşdirilir, rəngli, seminis, zamanı, Cydoniae, qaşığı
BİZİ İZLƏYİN