• Əti dada gətirən ROZMARİN

Reseptin məlumatları Baxış sayı: 6 019

Tarix : 29-11-2018, 20:00

Bölmə : Faydalı bitkilər


Azərbaycan mətbəxi Fransa, Şərq, Misir, ərəb, hind mətbəxi kimi ədviyyatlardan bol olmasa da, bizim yeməklərdə də ədviyyatlar, ətirli otlar uğurla tətbiq olunur.
Bəlkə də çoxunuz toyuğa, balığa, şorbaya, ətə lazım olan ədviyyatlarını qatmadan bişirirsiz. Bununla da əvəzsiz bir dadı itirirsiz. Sizə elə gəlmirmi ki, ədviyyatları yaxından tanımaq vaxtıdır? Məsələn: rozmarin.

Rozmarin – aşpazların sevimli bitkisi
İştahartırıcı, fərqli ətri olan, yeməyi getdikcə təsiri altına salan rozmarin kolunun yarpaqları hələ qədim Yunan və Roma aşpazları tərəfindən istifadə olunurdu. Rozmarindən hətta ətir, yağ, müalicəvi şərab, kompot da hazırlayırdılar.
Rozmarində elə maddələr var ki, insanın hiss orqanlarına, beyninə müsbət təsir edir. Ona görə, rozmarin zehni işlə məşğul olan insanlara, şagird və tələbələrə məsləhətdir.

Rozmarinin qoxusu: yüngül kamfora, şam ağacı yarpaqları, hətta sitrus ətri notlarını də tutmaq olar. Rozmarinin ətri sinirləri sakitləşdirir, yaddaşı gücləndirir. Hətta onkoloji xəstəliklərin də profilaktikasında məsləhətdir. Bu ədviyyat dietik məhsul hesab olunur, çünki su-yağ mübadiləsini tənzimləyir, orqanizmi yaxşı təmizləyir. Odur ki, rasion və yeməklərinizə bu möhtəşəm ədviyyatı qatmaqla həm də sağlamlığınızı qorumuş olarsız. Rozmarini ədviyyat bölmələrindən əldə edə bilərsiz.

Fransada onu mətbəxdə kiçik dibçəkdə yetişdirib, pəncərə qarşısında saxlayırlar. Yemək hazırlayanda elə dibçəkdən qoparıb istifadə edirlər. O, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Türkiyə, İtaliyada sevimli ədviyyatdır.

Rozmarin hansı ərzaq və yeməklə uyğundur?
O, ətin, xüsusilə, ov ətinin spesifik qoxusunu itirir. Ona görə, kəskin qoxulu ət növlərində lazımdır.
Qoyun, dana, inək, donuz, dovşan, quş əti ;
Tərəvəzli yeməklər, göbələk, paxla, makaronla;
Marinadlar, ət farşı, kələmdən yeməklər, şorbalar, souslar;
Pendir və salatlara;
Hətta bəzi çörək və un məmulatlarına.
Olmaz:

Dəniz məhsullarına, bəzi balıq növlərinə

Kulinariyada rozmarindən istifadə üçün fantaziyalarınızı işə sala bilərsiz. O, ət yeməklərinizə sanki meşə, çöl təravəti və ətri verəcək.
Diqqət: Rozmarinlə birgə dəftə yarpağı istifadə etmək olmaz.
Rozmarin yeganə otdur ki, onu qədərindən artıq qatdıqda, yeməyin dadı tamam dəyişir. Ona görə miqdarda ehtiyatlı olun.

Bir neçə sadə resept də bizdən:
Əti basdırma edəcəyiniz zeytun yağının içinə 2 sap rozmarin atın;
Yağlı pendiri əzib, ona bir az təzə və ya quru rozmarin səpin;
Dolçaya soyuq su alıb, limon və rozmarin atıb, sərinləşdirici içki kimi qəbul edin;
Tabaka, qrildə ət və ya toyuğun üzərinə 1-2 yarpaq rozmarin qoyun;
Quzu ətindan kabab basdırmasında ətə bir iki sap rozmarin qatın;

Rozmarini şorbaya qatanda onu qaynatmayın. Sonda əlavə edib, 10-15 dəqiqə sonra çıxarın;
Salatların üzərinə və ət yeməklərinə yaşıl təzə rozmarin yarpaqlarından dekor edə bilərsiz;
Rozmarinli yağ pastası: 10 qr. quru və üyüdülmüş rozmarini narın doğranmış cəfəri və kərə yağı ilə qarışdırırlar. Alınmış kütləni istənilən ətin üzərində bıçaqla kəsik edib ora yerləşdirib, sonra sobaya qoyurlar. Əgər toyuqdursa, dərisinin altına qoymaq olar. Deyilənə görə, belə ətin ətrindən və dadından doymaq olmur.

süfrem.az
Etiketlər: rozmarin, istifadə, Rozmarin, bilərsiz, sevimli, yarpaqları, şorbaya, Rozmarini, Fransa, mətbəxi, sonra, hətta, əlavə, üzərinə, ədviyyat, yeməklərinizə, yeməklər, ədviyyatlar, Rozmarinin, Hətta
BİZİ İZLƏYİN