• Həm ətriyyat, həm də müalicə vasitəsi

Reseptin məlumatları Baxış sayı: 2 304

Tarix : 3-01-2019, 14:00

Bölmə : Faydalı bitkilər


Vaxtilə lavanda bitkisi ticari, mədəni və dini əhəmiyyət daşıyırdı. Qədim misirlilər onu müqəddəs Fiva bağlarında yetişdirirdi. Misirdə mumiyaların balzamlanmasında istifadə edilən maddənin əsas komponentlərindən biri də lavanda olub. Keçən əsrin 20-ci illərində Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılıb. Deməli, lavanda min illər boyu öz ətrini saxlaya bilir.

Gözəl ətrinə və dadına görə lavanda qədim zamanlardan tanınırdı. Qədim romalılar bitkidən suyu ətirləndirmək üçün istifadə edirdilər. Latınca "lavare" yuyunmaq deməkdir, lavandanın adı da elə həmin sözdən götürülüb. Orta əsrlərdə lavanda həm ədviyyat, həm də dərman bitkisi kimi çox yüksək qiymətləndirilirdi. Onu qurudaraq digər ətirli bitkilərə qarışdırıb kiçik kisəciklərə doldurur, kisəciklərin ağzı tikilir və quru yerdə saxlanılırdı. Ətirli kisəciklərdən ağrılı nahiyəyə qoymaq üçün və miqren xəstəliyi zamanı geniş istifadə edilirdi. Lavanda parazit cücüləri, milçəkləri və s. qovmaq üçün şkaflara və ipək parçaların arasına səpilirdi.

Onu əsasən iki məqsədlə- ədviyyat kimi və efir yağlarının alınması üçün yetişdirirdilər. Lavandadan ən çox Fransada efir yağı istehsal edilir və il ərzində ondan 60-70 ton efir yağı alınır. Distillə yolu ilə alınan efir yağından tibb, kosmetologiya və ətriyyat sahəsində istifadə edilir. Lavanda spirti antiseptik vasitə kimi bəzi məlhəmlərin tərkibinə daxildir. Bunlardan əlavə lavanda ədviyyat bitkisi kimi italyan, fransız və ispan kulinariyasında, xüsusilə ətli yeməklərin hazırlanmasında geniş tətbiq edilir. Onun ətrini daha da gücləndirmək üçün şüyüd və adaçayı ilə birlikdə istifadə edirlər.

Fransada bitki diuretik, Avstriyada sakitləşdirici kimi tətbiq olunur. Bolqarıstanda bitkinin çiçəklərindən sinir və həzm sistemi xəstəliklərində, Polşada isə dəmləməsindən orta qulağın iltihabiı (otit) zamanı istifadə edirlər.

Revmatizm xəstəliyinin, taxikardiya və miqren tutmaları zamanı lavanda yağı spirtdə həll olunaraq qəbul edilir. Lavanda qrip xəstəliyi zamanı müsbət təsir göstərir, oyanıqlığı azaldır, yuixusuzluğun, isterik reaksiyaların qarşısını alır, istənilən dəriyə müsbət təsir göstərir. Lavanda orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır, iltihab əleyhinə təsirinə görə sistit, uretrit və vaginitlərin müalicəsində istifadə edilir, şlakları orqanizmdən xaric edir.
Etiketlər: lavanda, istifadə, edilir, Lavanda, zamanı, bitkisi, ədviyyat, ətirli, xəstəliyi, geniş, ətrini, tətbiq, edirlər, müsbət, təsir, göstərir, lavandanın, miqren, Fransada, Qədim
BİZİ İZLƏYİN