• Limon-təbiətin möcüzəsi

Reseptin məlumatları Baxış sayı: 2 321

Tarix : 27-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Qədim yunanlar limona Midiya alması deyiblər. Bu fakt onun Azərbaycanda hələ eramızdan əvvəl VIII-VI əsrlərdə becərildiyini sübut edir. İndi limon bitkisi respublikamızın cənub subtropik zonasında geniş yayılıb. Ancaq digər bölgələrdə bağlarda, bağçalarda, eyvanlarda, şüşəbəndlərdə, otaq şəraitində də yetişdirilir. Yaşıl yarpaqlar arasından boylanan limonun qəşəng forması, sarı rəngi, xoş ətiri adama böyük zövq verir. Bu bitkini çinlilər «Li-munq», yəni, «analar üçün faydalı meyvə» adlandırırlar.
Guşənin aparıcısı, Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası İctimai Birliyinin sədri Hacı Cabir Xəlifəzadə isə limonun hamıdan ötrü xeyirli olduğunu bildirir:
— Hələ XVII əsr Azərbaycan müəllifi Hacı Süleyman İrəvani yazıb ki, limonun ləti, qabığı, çiçəkləri və yarpaqları ürəyi möhkəmləndirir, iştahanı artırır və zəhərə, xüsusilə, ilan sancmalarına qarşı ən güclü vasitədir. Habelə limon ödqovucu xassəyə malikdir, aritmiyalar zamanı müsbət təsir göstərir, qarını bərkidir. Limon maddələr mübadiləsini yaxşılaşdırır, ağızda pis iyi yox edir, öyüməni, ürək bulanmasını dayandırır. Sətəlcəm, malyariya, soyuqdəymə, yüksək temperatur, angina, boğaz ağrısı zamanı limon yemək məsləhətdir. Limon şirəsi susuzluğu aradan qaldırır, isti havada olduqca faydalıdır, onu bala qatıb qeyri-adi mürəbbə hazırlayırlar. Müasir xalq təbabətində limon şirəsindən qara ciyər, öd kisəsi, şəkər xəstəliklərinin müalicəsində istifadə edilir.
— Məhəmməd Yusif Şirvani «Tibbnamə»sində (1712-ci il) limonu əla təam təki qiymətləndirir.

— Limon meyvəsi qələvi elementlərlə zəngindir. Onun tərkibi üzvi turşulardan (8 faiz), şəkərdən (3 faiz), azotlu maddələrdən, o cümlədən kalium duzundan, misdən, yüksək bioloji fəaliyyətli C, A, B, B2, P vitaminlərindən və fitonsidlərdən ibarətdir. Bu vitaminlər limonun qabığında daha çox olur, qabıqda efir yağları da kifayət qədərdir. Odur ki, limonu qabığı ilə işlətməyin, limonlu çayı çox içməyin böyük müalicəvi əhəmiyyəti var.
Mətbəxdə limondan bir sıra xörəyi turşməzə etməkdə, limon yağından və esensindən, onun quru qabığından qənnadı, şirniyyat məhsulları hazırlanmasında istifadə olunur. Limon şirəsindən düzəldilən ətirli şərbətlər plov süfrəsində ən xoşagələn içkidir. Gündəlik qida rasionunda limondan müxtəlif variantlarda (limon şirəsi, limon şərbəti, limonlu çay) istifadə son nəticədə orqanizmin immunitetini artırır, adamı gümrahlaşdırır.
— Limon həm də çox qüvvətli bakterisit təsirə malikdir.
— Bəli. Limon təbiətdəki bir sıra virusları öldürür. O, avitaminoz xəstəliyinə qarşı ən yaxşı vasitədir. Limonun tərkibindəki P vitamini qidada çatışmadıqda beyində şişlərin, kapilyarların partlaması qansızmaya səbəb ola, həmçinin ayaq ağrılarına, ümumi zəifliyə gətirib çıxara bilər. Bu vitamin habelə vena damarlarının genişlənməsinə, babasil xəstəliyinin, trofik yaraların sağalmasına mühüm təsir edir.
Təbiət limonu bizə çox effektli dezintoksikator kimi bəxş edib. O, orqanizmdə həlledici rol oynayaraq bəzi hüceyrələrin bərpasına təsir göstərir, xaric olası zəhərli maddələri bədəndən kənarlaşdırır.
Limon yaşından, səhhətindən asılı olmayaraq hamı üçün gərəkli meyvədir. Bu gözəl, ətirli, şəfalı meyvədən mümkün qədər çox istifadə etməyə çalışın. Və yadınızda saxlayın: limonun qabığı nə qədər nazikdirsə, meyvəsi o qədər şirəlidir.

Bariz ƏSƏDOV
Etiketlər: limon, Limon, limonun, istifadə, təsir, limonu, qədər, qabığı, malikdir, meyvəsi, ətirli, şirəsindən, şirəsi, yüksək, zamanı, artırır, qarşı, Azərbaycan, böyük, vasitədir
BİZİ İZLƏYİN