• Kaktus bitkisi

Reseptin məlumatları Baxış sayı: 2 629

Tarix : 6-01-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Tikanlı olduğu qədər, gözəl olmağı da bacaran kaktus bitkisi çoxlarının sevimlisidir. Düzgün qulluq edildiyi təqdirdə ilin bütün fəsilləri evlərin çiçəkləyən yaraşığı ola bilir. Aşağıdakı məsləhətlərə əməl etməklə evinizi kaktuslarla gözəlləşdirə bilərsiniz. Hələ, kaktusun sağlamlığa necə faydalı olduğundan danışmıram.

Bir çox otaq bitkilərində olduğu kimi kaktuslarda da istirahət dövrü qışda başlayır. Kaktusların yaxşı inkişafı üçün, ələlxüsus da çiçəkləyən növlərinin, qış dövründə dinclik vermək mütləqdir. Bu səbəbdən onlara qulluqda məqsəd – qışda inkişafına şərait yaratmamaqdır, belə ki, bu dövrdə kaktuslar uzanıb normal görüntülərini itirirlər.

Qışda kaktusları pəncərəaltında saxlamaq olar. Köklərinə soyuq olmasın deyə dibçəklərin altına nəsə qoymaq lazımdır. Ən işıqlı yerləri exinotsereus(echinocereus), fillokaktus (phyllocactus) və yazda çiçəkləyən digərləri tələb edir.

Qışda, dinclik dövründə 7-10 gündən bir suvarılır. Suyu ilıq, otaq temperaturundan 2-3 dərəcə yuxarı götürmək yaxşıdır.

Suvarma zamanı diqqət edin ki, su kaktusun gövdəsinə dəyməsin, xüsusən də qış aylarında. Su gövdədəki nəzərə çarpmayan çatlara və yaralara keçə bilər ki, bu da çürüməyə səbəb olar. Otağın temperaturu 10-14 dərəcə olmalıdır.

Yazın gəlişi ilə bitki daha tez-tez sulanır və ayda 1-2 dəfə su çilənir. Bunu gün işığı altında etmək olmaz, çünki bitkidə yanıq əmələ gətirər.

Yayda isinməyə qarşı dibçəkləri lövhə ilə kölgələndirmək olar, lakin yaxşısı onları torf və ya torpaq ilə doldurulmuş yeşiyə qoymaqdır. Bitkilər olan yeşiyi eyvana çıxarmaq olar. Daha iri kaktusları dibçəkdən çıxarıb bağda yerə əkməkdir. Avqustun ortaları onları yenidən dibçəklərə köçürmək lazımdır ki, qışa kimi kök salıb möhkəmlənsinlər. Onları qum əlavə etməklə yayda yetişdikləri torpağa əkmək lazımdır. Payızda, gecə temperatur 6-8 dərəcəyədək düşəndə bütün kaktuslardı bağ və eyvandan otağa gətirmək lazımdır.

Kaktusların sulanması fəsildən, dibçəyin böyüklüyündən, bitkinin yaşından, otağın temperaturundan asılıdır. Yaz və yayda, kaktusların inkişaf dövründə onları hər gün sulamaq lazımdır. Kaktuslar nə qədər böyük dibçək və ya çəlləklərdə yetişirsə, bir o qədər nadir sulanmalıdırlar. Yaşlı kaktuslar daha gec-gec sulanır, belə ki, onların su ehtiyatı çoxdur. Xüsusən çoxlu sulanmaya yayda – artım dövründə ehtiyacları olur. Onları axşam sulamaq lazımdır. Temperatur nə qədər aşağıdırsa, bir o qədər az su buxarlanır və bir o qədər az sulamaya ehtiyacları olur. Payızda sulamanı tədricən azaltmaq, qışda isə hərdənbir sulamaq lazımdır. Kaktusları qışda tez-tez sulasanız, onlar dinclik dövrü keçirmirlər, gücdən düşürlər və çiçək açmırlar.

Kaktusların yerini yazda, onlar böyüməyə başlayanda dəyişirlər. Bu, aprel və mayın əvvəlləri baş verir. Köçürmədən 2-3 gün əvvəl onları sulamağı dayandırmaq lazımdır ki, torpaq kökdən rahat ayrılsın. Bitkini qalın kağız və ya balaca qayışla sarıyıb dibçəkdən çıxarırlar. Torpağı çevrilmiş dibçəyin dibindəki deşiklərdən itələmək olar. Ölü və çürümüş köklər kəsilir, bütün kəsiklərə kömür tozu səpilir.

Kaktusların da yerini otaq çiçəkləri kimi dəyişirlər. Bitki dibçəyin ortasına əkilməlidir. Əgər kaktus əyilibsə, onu düzəltmək üçün payaya bağlamaq lazımdır. Gövdəyə, xüsusən də yaşıl hissəsinə torpaq tökmək olmaz, belə ki, çürüyə bilər. Bir çox kaktusların yerini dəyişdikdə kök boynuna qum səpirlər. Cavan bitkiləri nhər il, üç-dörd yaşlıların isə 1-2 ildən bir yerini dəyişmək olar.

Erkən yazda çiçəkləyən bütün kaktusların çiçəkləmədən dərhal sonra yerini dəyişmək lazımdır. Köçürmədən sonra onları 2-3 gün sulamırlar.
Etiketlər: lazımdır, qədər, onları, yerini, bütün, çiçəkləyən, Kaktusların, dövründə, qışda, dinclik, kaktusların, sulamaq, yazda, torpaq, yayda, dibçəyin, kaktusları, kaktuslar, Qışda, Köçürmədən
BİZİ İZLƏYİN