• Beqoniya bitkisi haqqında

Reseptin məlumatları Baxış sayı: 7 983

Tarix : 8-01-2018, 14:00

Bölmə : Faydalı bitkilər


Qızılgülü qazon və buketlərin kraliçası adlandırırıqsa, onda gözəl beqoniya da pəncərəaltı və eyvanların, qış bağçalarının şahzadəsi hesab etmək olar. Bu gülün hər zövqə və istəyə uyğun rəng və çalarlarını tapmaq olar. Sarı, qırmızı, çəhrayı, ağ, narıncı, adi və dekorativ yarpaqlarla – mindən çox variantlarla insanı heyrətləndirir.

Beqoniya qismən tələbkar bitkidir, düzgün qulluq edilərsə, gur çiçəkləməsi və ya yarpaqlarının parlaq rəngləri ilə uzun müddət sevindirir. Beqoniya seçərkən hansı növü olduğuna diqqət edin.

Çiçəkləyən beqoniya
Çiçəkləyən beqoniya çox gözəl seçimdir. Alarkən mütləq satıcı ilə məsləhətləşin və aydınlaşdırın: bitki həmişəyaşıl, yoxsa kök yumrulu növlərinə aiddir. Beqoniyaların kök yumrulu növləri qışda yarpaqlarını tökür, yalnız yayda və payızda çiçəkləyir. Payız çiçəkləməsindən sonra onları adətən tullayırlar.

Həmişəyaşıl gözəllər isə öz çiçəkləri ilə ilboyu sevindirir. Çiçək hər şeydə “qızıl orta”nı xoşlayır. O nə çox kölgədə, nə də həddindən artıq parlaq işıqlıqda qalmalıdır. Həmçinin onu həddindən çox sulamaq və ya quraqlıqda saxlamaq da lazım deyil.

Çiçəkləyən beqoniyaya qulluq qaydaları:
— məkanda təmiz hava olmalıdır, lakin yelçəkər olmaz;
— bitkinin ətrafındakı havaya müntəzəm olaraq su püskürdün (su yarpaqlara dəyməməlidir);
— torpağı çox sulamadan daim nəm saxlayın;
— yazda bitkini qısa budamaq lazımdır;
— müntəzəm olaraq dibçəyi döndərin;
— gülləri bir-birinə çox yaxın məsafədə düzməyin.

Dekorativ yarpaqlı beqoniya
Bu bitkinin yarpaqları kəpənəyə oxşayır və çiçəkləri qədər cəlbedicidir. Dekorativ yarpaqlı beqoniyaların müxtəlif növləri var, balaca və iri yarpaqlar ilə. Əlverişli şəraitdə şaxələnərək buketə oxşayan gözəl kollara çevrilirlər. Beqoniyanın bu növü bir az fərqli qulluq tələb edir

Dekorativ yarpaqlı beqoniyaya qulluq qaydaları:
— çiçəkləyənlərdən fərqli olaraq onlar çox sulanmağı və çox nəm torpağı sevmirlər;
— su çiləmənin əvəzinə müntəzəm olaraq solmuş yarpaqları qoparmaq lazımdır;
— cod yox, yüngül su ilə sulamaq yaxşıdır. Bunun üçün xlorun çıxması üçün suyu yarım gün müddətində durulamaq və ya qaynatmaq lazımdır.
— qışda temperatur şəraitini 18 dərəcə civarında saxlamaq məsləhətdir.

Bu sadə qaydalara əməl etsəniz, beqoniya ilboyu əlvan rənglərlə gözünüzü oxşayacaq.
Etiketlər: beqoniya, olaraq, qulluq, müntəzəm, yarpaqlı, gözəl, Dekorativ, Çiçəkləyən, lazımdır, növləri, çiçəkləri, parlaq, torpağı, sevindirir, ilboyu, qışda, həddindən, yarpaqları, fərqli, beqoniyaya
BİZİ İZLƏYİN