• Kökəlmək ən böyük arzumdur

Reseptin məlumatları Baxış sayı: 3 437

Tarix : 7-12-2017, 20:00

Bölmə : Kökəlmə sirləri


Belə arzusu olanların proteinlə kökəlməsi mümkündürmü?

"Kökəlmək ən böyük arzumdur. "Dünya"nı yesəm də, çəkim artmır və bu, xarici görünüşümə də pis təsir edir. Rəfiqələrimin məsləhəti ilə internetdən protein sifariş verdim və qəbul etdim. Tez bir zamanda kökəlsəm də, dərmanı saxladıqdan sonra sürətli şəkildə arıqladım".

Bizimlə arzusunu bölüşən Nuranə arıqlıqdan əziyyət çəkir. İdeal bədən quruluşuna sahib olmaq üçün düzgün qidalanmaq əvəzinə, protein qəbul edib. Lakin bu da onu arzusuna çatdıra bilməyib. Bu problemdən əziyyət çəkən təkcə Nuranə deyil. Nuranə kimi bir çox insan, xüsusilə də gənclər qarşısına qoyduğu məqsədlərə tez çatmaq üçün son zamanlar dəbdə olan protein, kreatin, veyder, amin turşuları, geyner kimi idman qidalarından istifadə edirlər. İdmanla mütəmadi məşğul olan insanların əksəriyyəti protein tozundan istifadə edir. Kişilər əzələ yığmaq üçün məşq etməklə yanaşı, protein də qəbul edirlər. Bəs protein tozu orqanizmdə hansı fəsadlara yol aça bilər? Həqiqətənmi insanın sağlam kökəlməsi və ya gözəl bədənə sahib olması bir qutu dərmanla mümkündür?

Məlumat üçün bildirək ki, protein tozu zülalların tozundan hazırlanmış qida əlavəsidir. Bunlar iki yerə bölünür: izolat növ proteinlər sırf əzələ kütləsini artırmaq, əzələ formasına qabarıq görünüş vermək məqsədilə, geyner növ isə əzələ kütləsinin həcmini böyütmək, çəkisini artırmaq və insanın öz çəkisini də artırmaq üçün istifadə olunur.

"Heç bir ziyanı yoxdur"
Məşqçi Rövşən Fətəliyev bizimlə söhbətində bildirdi ki, protein tozları əsasən ət, süd, yumurta, toyuq, lobya və başqa yeyilən qida məhsullarından hazırlanan zülaldır. Əsas fərqi qıraqdan əlavə edilən məhsul olmasıdır: "Əgər normasında və məşqçinin təlimatlarına uyğun qəbul edilsə, heç bir ziyanı yoxdur. Protein tozu hər səhər yeməyindən və məşqdən sonra qəbul edilməlidir. Proteində kifayət qədər vitamin kompleksləri var və zərərli maddə deyil. Sadəcə, lazımi qədər qəbul etmək lazımdır".

"Orqanizmə qidanın verdiyi effektlər yetərlidir"
Dietoloq Leyla Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, arıqlamaq və ya kökəlmək üçün insanların protein tozu qəbul etməsi düzgün deyil. Mütəxəssisin sözlərinə görə, ağır atletika və ağırlıq idmanı ilə məşğul olanlar protein tozundan yararlana bilərlər: "Hər hansı bir xəstəlik dərman terapiyası və qidalarla müalicə edilir. Dərmanların xeyirli tərəfləri ilə yanaşı, yan təsirləri də olur. Məsələn, dərmanların metabolizmi qaraciyərdə getdiyi üçün toksiki təsir nəticəsində qara ciyər, böyrəklər artıq yüklənir. Protein tozları da qida əlavəsidir. Qidadan fərqi budur ki, həddən artıq çox qəbul etdikdə qaraciyəri, böyrəkləri yükləyir, bədənin su balansına təsir edir. Təmiz süddən hazırlanan proteinlər nisbətən yaxşıdır. Lakin onlardan da yalnız xüsusi kateqoriyalı idmançılar bəhrələnə bilər. Bunun xaricində arıqlamaq üçün və ya sadəcə sağlam həyat tərzi məqsədilə idmanla məşğul olanların protein tozu qəbul etmələri məsləhət deyil. İnsan orqanizminə qidanın verdiyi effektlər yetərlidir və protein tozlarına ehtiyac yoxdur. Hər bir nemətin miqdarı var, artıq olanda ziyanları ortaya çıxır. Protein tozlarına da bunu aid edə bilərik. Yalnız peşəkar idmanla məşğul olanlar dəstəkləyici terapiya kimi istifadə edə bilirlər. Ən əsası, protein məşqlər arasında qəbul edilməlidir. Davamlı olaraq protein tozundan istifadə etmək alışqanlıq yaradır. Bir çox xəstəliklər zamanı və ya bir çox cərrahiyyə əməliyyatlarından sonra ağızla qida qəbulu mümkün olmur və ya çətin olur. Bu halda orqanizmin protein ehtiyacı xüsusi hazırlanmış protein tozu ilə ödənilir".

Dietoloq bildirdi ki, proteindən həddindən artıq istifadə cinsi zəifliyə də yol aça bilər: "Protein ağırlığı çox olduğu təqdirdə cinsi aktivliyi meydana gətirən testesteron hormonunun səviyyəsinə də təsir edir. Bizim gündəlik proteindən çox karbohidrata ehtiyacımız var. Qidalanmamızda rasionumuzun dörddə birini protein tutmalıdır. Sadəcə, protein yeganə qida inqrediyentidir ki, orqanizmdə enerjini depolamır, yəni qida orqanizmə daxil olduğu təqdirdə enerjini depolamadan orqanizmdən xaric olunur. Yağ və karbohidrat isə enerjini depolayır. Məhz bu baxımdan bəzi insanlar xırda hiyləgərlik edərək kortəbii surətdə proteini qəbul edirlər. Çox qəbul etdikdə isə zülal yüklənməsi baş verir. Sadəcə, insanlar məlumatsız olduqları üçün zülal ilə orqanizmlərimi yükləyirlər. Amma sonradan çox ciddi problemlər ortaya çıxır. İlk növbədə zülal mübadiləsi, su-elektrolit mübadiləsi pozulur, böyrək patologiyaları üzə çıxır və orqanizm balanslaşmış qida nisbətini itirməyə başlayır. Buna görə də protein tozlarının həddən artıq qəbulu kişilərdə zülal mübadiləsinin pozulmasına gətirib çıxarır. Nəticədə mübadiləsi pozulan orqanizmdə ən təhlükəli məqam olan bioloji pozuntular yarana bilər".

"İnsan özü də bilmədən orqanizmini alt-üst edə bilər"
Dietoloq Könül Məmmədovaisə protein tozu qəbulunun əleyhinə deyil. Həmsöhbətimiz deyir ki, sadəcə, qəbul edərkən miqdarına diqqət etmək lazımdır: "Çəki bədən parametrlərinə görə az olursa, narahatçılıq doğurur. Bu, görünüşə də təsir etdiyi üçün kompleksə düşürlər və daha tez kökəlmək üçün protein tozlarından istifadə edirlər. Bu dərmanları içməyin əleyhinə deyiləm. Zəruri olduğu halda içmək olar. Amma bu zaman miqdarına və düzgün qəbuluna diqqət etmək lazımdır. Düzdür, dərmanları qəbul edəndə kökəlmə olur. Amma dayandıran kimi yenə əvvəlki çəki azlığı, narahatçılıq başlayır. Bu səbəbdən kökəlmək üçün daha təbii yollardan istifadə etmək lazımdır".

Dietoloq Nura Sadıqovaisə hesab edir ki, ətrafımızda bu qədər bol vitaminli, proteinli qidalar olduğu halda necə hazırlandığı məlum olmayan qida məhsullarından istifadə etmək məntiqli deyil: "Protein tozlarının xeyrindən çox, zərərləri var. İnsan özü də bilmədən bütün orqanizmini alt-üst edə bilər. Qaraciyər, mədəaltı vəzi, böyrəkləri sıradan çıxarmaq istəyirsinizsə, süni qidaları qəbul edin".

"Kökəlməyə görə protein qəbul etmək yolverilməzdir!"
Terapevt-qastroenteroloq Mətanət Cəfərova qəzetimizə açıqlamasında protein tozunun orqanizmdə yarada biləcəyi fəsadlardan danışdı. Terapevt deyir ki, hər protein qatqısını istifadə etmək məsləhət deyil: "Protein tozunu qəbul etməyə başlamazdan öncə mütləq qaraciyər sınaqları və böyrək funksional testləri yoxlanılmalıdır. Əgər bu analizlərdə bir problem yoxdursa və xəstənin hər hansı bir mədə- bağırsaq problemi (xora xəstəliyi, öd daşı xəstəliyi, xoralı kolit və s. ), şəkərli diabet, arterial hipertenziya, hormonal problemləri yoxdursa, protein qatqılarından istifadə edə bilər. Amma hər protein qatqısını istifadə etmək məsləhət deyil. Daha yaxşı olar ki, bu protein qatqılarının tərkibi həkim tərəfindən incələnsin və yalnız ondan sonra istifadə olunsun. Bu qrup preparatlar daha çox böyrək və qaraciyəri yükləyir. İstifadənin birinci ayında mütləq surətdə böyrək və qaraciyər sınaqları yoxlanılmalıdır. Müayinə zamanı böyrək və qaraciyər sınaqlarında dəyişiklik olarsa, protein qəbulu mütləq dayandırılmalıdır".

Həkim vurğuladı ki, proteindən düzgün istifadə etməmək eyni zamanda mübadilə proseslərini pozaraq gələcəkdə piylənməyə gətirib çıxara bilər: "Kökəlməyə görə protein qəbul etmək yolverilməzdir! Proteinin yalnız ağır fiziki gərginliklə işləyən idmançılara həkim məsləhəti ilə verilməsi məqsədəuyğundur. Çəki problemləri olanlarda isə problemin səbəbi araşdırılmalı və həmin səbəb aradan qaldırılıdıqdan sonra ehtiyac olduğu halda vitamin terapiyası və düzgün qidalanma rejimi məsləhət görülməlidir".
Etiketlər: protein, qəbul, istifadə, etmək, bilər, deyil, Protein, düzgün, təsir, sonra, böyrək, olduğu, artıq, əzələ, zülal, tozundan, orqanizmdə, məşğul, lazımdır, halda
BİZİ İZLƏYİN