• Yumurta boyamağın bilmədiyimiz üsulları

Reseptin məlumatları Baxış sayı: 6 241

Tarix : 3-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Yumurtalar bayram xonçasının bəzəyidir. Amma bu dəfə onları tənbəllikdən “nakleyka” ilə deyil, öz əl işimizlə bəzəyək. Bunun üçün sizi bir neçə asan üsulla tanış edəcəyik.

Yumurta qaynayan zaman çartlamasın deyə, onları soyuducudan 1-2 saat əvvəl çıxartmaq lazımdır. Qaynadan zaman isə suya 1 x.q. duz atılmalıdır.
Yumurtanın yaxşı rəng tutması üçün onu qaynatdıqdan sonra salfetlə tam qurulamaq lazımdır. Sonra spirt və ya sirkədə isladılmış pambıqla silmək məsləhətdir ki, həm üzərindəki ləkələr getsin, həm də yaxşı rəng tutsun.

Yumurtaların parıldaması üçün onlara rənglədikdən sonra bitki yağında isladılmış pambıq sürtün və səhərə kimi soyuducuda saxlayın.
Kimyəvi boyalardan istifadə edən zaman metal qab-qacaq işlətməyin.

Ümumiyyətlə isə, kimyəvi boyalardan qaçmaq lazımdır, xüsusilə də yumurtanı uşaq üçün boyayırsınızsa. Mütləq təbii rənglər seçin.
Soğan qabığı və göyərti ilə boyama - bunlar ən geniş yayılmış və sadə üsullardır. Bir qazana xeyli soğan qabığı yığırıq, yumurtaları da içində gizlədirik, üstünə bir az su alıb qaynamağa qoyuruq. Beləcə həm yumurta bişəcək, həm də rəng tutacaq.

Yaşıl rəng almasını istəyirsinizsə, eyni qaydanı tətbiq edə bilərsiniz. Onu da qeyd edək ki, yumurtanı qaynamağa qoyarkən ona səliqəsiz formada sap, rezin dolayırsınız və boyadıqdan sonra açırsınız. Bu zaman daha maraqlı görüntü yaranacaq.

Bir sözlə, təbii məhsullardan istədiyimiz rəngi ala bilərik. Məsələn, sarı yumurta istəyiriksə, onu sarıköklə qaynada, bənövşəyi istəyiriksə, bənövşə yarpaqları ilə qaynada bilərik. Suyuna azca limon şirəsi də əlavə etsək, lavanda rəngini əldə etmiş olacağıq.
Yumurtanı tünd və ya açıq qəhvəyiyə boyamaq istəyiriksə, onları üyüdülmüş kofe və ya qara çay əlavə edilmiş suda qaynadırıq.

Yumurtaların abstrakt görkəm alması üçün üzərinə keşniş, cəfəri, soğan və s. yarpaqlarından biri qoya, yumurtanı bütünlüklə tənzifə bükə, sonra isə istədiyimiz rəngdə qaynada bilərik.
İstənilən rəng markeri götürürsünüz və qaynanmış yumurta üzərində əsl rəssamlıq bacarığınızı nümayiş etdirirsiniz. Bu, çox əyləncəli və maraqlı üsuldur.

Mağazalardan rəngli folqalar alın və onu yaxşıca bişmiş yumurtalara səriyin. Bu da bir fərqli boyama üsuludur.

Bişmiş yumurtanı kapron corabın içinə qoyursuz, ora bir azca düyü əlavə edirsiz və istədiyiniz rəngin içinə salırsız. Corabı və düyüləri çıxardandan sonra yumurtanın necə naxışlı boyandığını görəcəksiniz.

süfrem.az
Etiketlər: sonra, yumurtanı, zaman, qaynada, yumurta, bilərik, lazımdır, istəyiriksə, onları, əlavə, soğan, qabığı, boyalardan, Yumurtaların, təbii, isladılmış, boyama, yaxşı, qaynamağa, içinə
BİZİ İZLƏYİN