• Popkornun faydaları və ziyanı

Reseptin məlumatları Baxış sayı: 3 062

Tarix : 27-02-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Popkorn böyüklər və kiçiklər tərəfindən sevilən bir qidadır. Partladılmış qarğıdalının xeyri və zərəri haqqında məlumat olduqca azdır. Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətinə və xeyrinə inandırır.

Marketlərdə hazır, bağlama şəklində satılan popkornların üzərindəki reklamxarakterli mətn də eynilə bu cürdür. Mətndə qeyd olunur ki, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir, uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir, tərkibində olan polifenollar faydalı antioksidant olduğundan bir bağlama popkorn yemək 300 qram quru meyvə yeməkdən də üstün hesab oluna bilər. Quru meyvələrin faydasının saysız olmasını nəzərə alsaq, popkorn kimi quru və zərərli görünən bir qidada bu qədər faydanın olması da şübhə yaradır. Elə isə popkornun faydaları və ziyanı nədir? Həqiqətən quru çərəz sayılan partladılmış qarğıdalının faydası bu qədər yüksəkdirmi?

Popkorn ilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələri yox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəz olaraq insanların diqqətini çəkib. Qısa bir müddətdə idman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonra yerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydaları sırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir. Zərərləri sırasında isə qarğıdalının GMO olması, eyni zamanda müxtəlif zərərli üsullarla partladılması və düzgün saxlanma şəraitində saxlanmaması qeyd edilir.

Həkim-terapevt Xatirə İsayevanın sözlərinə görə, partladılmış qarğıdalının faydaları xeyrindən o zaman çox olur ki, onun partladılma və saxlanma şəraiti normal olsun. Əks halda, ziyanlı üsul, maddələrlə partladılıb düzgün şəraitdə saxlanılmayan bu qida olduqca zərərli hesab oluna bilər və ev üsulu ilə hazırlanmayan bütün qidalar kimi partladılmış qarğıdalı da uşaqlar üçün məsləhətli deyil: «Sağlamlıq baxımından desək, partladılmış qarğıdalı olduqca yüksək kalorili bir qidadır. 100 qramında 450 kalori olur. Bir porsiyada olan kalori miqdarı 1700-ə yaxındır. Eyni zamanda tərkibində olan doymuş yağ faizi də qidanın qramı artdıqda artır. Bu da onu göstərir ki, ev şəraitində porsiyanın miqdarını keçib 2-3 qab partladılmış qarğıdalı yemək oturmuş vəziyyətdə yüksək kalori qəbul etməkdir. Ortayaşlı bir insanın gündəlik qida kalorisinə bərabər olan bu dəyər olduqca yüksəkdir. Bu da onu göstərir ki, bir porsiyalıq qarğıdalını azyaşlılar ayda 1-2 dəfədən artıq yeməməlidirlər. Yağsız, mikrodalğalı sobada partladılan qarğıdalı faydalı olsa da nəzərə almaq lazımdır ki, heç bir müəssisə bu gec və əziyyətli üsuldan istifadə etmir».

Terapevtə görə, parladılmış qarğıdalı həddindən artıq yeyildikdə nəfəs yollarında tıxanmalara, quru öskürəyə, nəfəs darlığına səbəb olur ki, bunun da səbəbi qidanın tərkibində olan «diasedil» maddəsidir. Bu maddə qarğıdalıya və ona vurulan yağa xüsusi dad verdiyindən əksər partladılma üsullarında ondan istifadə edilir: «Daimi olaraq popkorn yemək bir müddət sonra nəfəs yollarında problemlər yaradacaq. Partladılmış qarğıdalı o zaman faydalı qida sayıla bilər ki, ev şəraitində, normal yağla, ədviyyatları azaldılmış halda və ən çox bir porsiya yarım qəbul edilsin. Əks halda uzun boya, gözəl bədən quruluşuna, sağlam sümüklərə və bu kimi keyfiyyətlərə partladılmış qarğıdalı ilə nail olmaq mümkün deyil».
Etiketlər: qarğıdalı, partladılmış, qarğıdalının, olduqca, qidanın, popkorn, sonra, qədər, yüksək, faydalı, zərərli, istifadə, tərkibində, halda, bağlama, şəraitində, yemək, kalori, bilər, tərəfindən
BİZİ İZLƏYİN