• Sobada ətli-pendirli makaron resepti

Reseptin məlumatları Baxış sayı: 21 345

Tarix : 13-10-2015, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
300 qram asan əriyən pendir (Mən mozarella pendirindən istifadə etdim. İstəyə görə kaşar pendiri, Holland pendiri və bunlara bənzər digər pendir növlərinin birindən, yaxud qarışığından istifadə edə bilərsiniz)
1 paket makaron
4-5 qaşıq kərə yağı
250 qram çəkilmiş mal əti
1 baş soğan – soyub doğrayın
1 ədəd iri pomidor – doğrayın
2 diş sarımsaq (istəyə görə) – soyub doğrayın
2 xörək qaşığı tomat pastası
Duz, istiot

Hazırlanması:
Pendiri sürtgəcdən keçirib kənara qoyun.

İri qazana su doldurub bir xörək qaşığı duz atın. Qaynadın. Qaynayan suya makaronu boşaldıb təxminən 10 dəqiqə bişirin (bişmə müddəti makarondan asılıdır—bəzilər tez, bəziləri isə gec bişir). Makaronu süzüb kənara qoyun.

Tavada yağı əridin. Çəkilmiş əti tavaya əlavə edib suyu çəkilənədək bişirin. Soğanı buraya qatın. Qarışıq yağa düşüb bir qədər qızaranadək bişirin.

Pomidor, tomat pastası və istifadə edirsinizsə, sarımsağı əlavə edib, bir neçə dəqiqə bişirin. Duz və istiot vurun. Bir stəkan su əlavə edib qaynadın. Suyun çoxu çəkilənə kimi bişirməyə davam edin. Hazır sous nə çox sulu, nə də çox qatı olmalıdır. Tavanı kənara çəkin.

Soba istisinə dayanıqlı iri ölçülü şüşə formanın (şəkildəki) dibini və kənarlarını yağlayın. Bu cür formanız yoxdursa, adi formada da bişirə bilərsiniz. Makaronun yarısından çoxunu buraya boşaldıb yayın. Üstünə sousu tökün.

Sousun üstünə isə qalan makaronu yerləşdirin. Bunun da üstünə pendiri səpin. Pendirin üstünə bir neçə balaca tikə kərə yağı qoyun. Üstünü perqament kağızı ilə örtüb 200C dərəcəlik sobada 10 dəqiqə bişirin. Sonra perqamenti çıxardıb, onsuz 10-15 dəqiqə, yaxud pendir tamamən əriyib üstü bir az qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: Makaron, Sobada, bişirin, pendir, dəqiqə, makaronu, istifadə, üstünə, qoyun, kənara, əlavə, pendiri, doğrayın, soyub, yaxud, bilərsiniz, istiot, buraya, qızaranadək, pastası
BİZİ İZLƏYİN