• Şəkisayağı cücəli plov resepti

Reseptin məlumatları Baxış sayı: 22 345

Tarix : 25-01-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Şəki mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
4 stəkan düyü,
500 qram toyuq əti,
4-5 baş quru soğan,
300 qram təmizlənmiş şabalıd,
7-8 ədəd albuxara,
alça turşusu,
100 qram kişmiş,
100 qram qaysı,
zəfəran, ya da sarıkök,
döyülmüş keşniş toxumu,
duz,
istiot.


Qazmaq üçün:
3 xörək qaşığı qatıq,
1 ədəd yumurta,
1 çay qaşığı un,
zəfəran,
duz,
hil və döyülmüş keşniş toxumu.

Hazırlanması:
Toyuq əti yuyulub duzlu suda yarım hazır olanadək bişirilir. Sonra ət sudan çıxarılır, suyu süzüləndən sonra içərisində yağ olan qızdırılmış tavada qızardılır. Soğan uzunsov şəkildə doğranılır və kərə yağında qovrulur. Qabığı təmizlənmiş şabalıd da bişirilir. Ət, qızardılmış soğan və şabalıd bir qaba yığılır, üzərinə zəfəran, duz, istiot, döyülmüş keşniş toxumu, alça turşusu da vurulub dəmə qoyulur. Kişmiş, qaysı yuyulur, 3-4 xörək qaşığı gülab, 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı yağda dəmə qoyulur. Albuxara da eyni qaydada hazırlanır.

Düyü duz əlavə edilmiş suda bişirilir və süzülür. Düyü bişirilən suya ayran və ya qatıq çalınaraq əlavə edilir. Qızdırılmış qazanda bir az yağ əridilir və qazmaq üçün 4-5 kəfkir düyü tökülür. Düyüyə yumurta, qatıq, hil və döyülmüş keşniş toxumu da əlavə edilib qarışdırılır. Qazanın dibinə qalınlığı 1 sm olan qazmaq yayılır. Qazanı 1 dəqiqəyədək vam odun üzərində saxladıqdan sonra qalan düyü də qazmağın üstünə tökülür. Düyünün aralarına və sonda üzərinə zəfəran, hil və döyülmüş keşniş toxumu səpilir. Plovun üzərində dəm almaq üçün dəliklər açılır və bir-neçə dəliksiz yerə kərə yağı düzülür. Sonra qazanın qapağının altına parça örtük salınır və plov dəm almağa qoyulur. Plov bir saata yaxın dəmdə qalır.

Plovu süfrəyə verərkən üzərinə kişmiş, qaysı, albuxara düzülür və qazmaq qoyulur. Plovun qarası isə ayrıca qabda süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: keşniş, döyülmüş, toxumu, qaşığı, qoyulur, zəfəran, xörək, üzərinə, əlavə, qatıq, qazmaq, şabalıd, bişirilir, qaysı, düzülür, Sonra, süfrəyə, sonra, kişmiş, soğanda
BİZİ İZLƏYİN