• Kişmişli bulkalar resepti

Reseptin məlumatları Baxış sayı: 16 508

Tarix : 21-10-2015, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
2 stəkan (500 ml) süd
150 qram şəkər tozu
2 çay qaşığı quru toz-maya
100 qram kərə yağı
150 qram kişmiş (mən qara kişmişdən istifadə etdim. İstəyə görə ağ kişmiş qata bilərsiniz)
5 stəkan yarım un
Bir çimdik duz
2 yumurta (birinin sarısını bulkaların üstü üçün ayırın)

Hazırlanması:
Südü bir az isidin (ilıq olmalıdır). Üstünə şəkər tozunu əlavə edib qarışdırın.
Toz-mayanı da əlavə edib qarışdırıb kənara qoyun.
Kərə yağını əridib soyuması üçün kənara çəkin.
Kişmişi yuyub suyunu süzün.
Ləyənə 4 stəkan un ələyin. Duz, mayalı-şəkərli süd, əridilmiş yağ və yumurtaları əlavə edib qarışdırın.
Üstünə qalan unu da əlavə edib xəmir yoğurun (unun hamısını birdən tökməyin, tədricən tökün, çünki hamısı lazım olmaya bilər). Xəmir əvvəlcə ələ yapışacaq, amma yoğurduqca hamar olub yapışmayacaq. Yenə ələ yapışırsa biraz da un qatın.
Kişmişi əlavə edib yenə yoğurun.
Ləyənin dibinə bir az duru yağ gəzdirib xəmiri buraya yerləşdirin. Üstünü örtüb gəlməsi üçün isti yerə qoyun. Xəmir 1.5 – 2 saat sonra gəlmiş olmalıdır.
Xəmiri balaca kündələrə bölün (təxminən 16 ədəd). Xəmir toplarını bir-birindən aralı olmaq şərtilə dibinə perqament kağızı sərilmiş listə düzün (perqamentiniz yoxdursa, listi bir az yağlayın). Listin ölçüsündən asılı olaraq 1 və ya 2 list lazım ola bilər.
Listi çay dəsmalı ilə örtüb 30 dəqiqəlik kənara qoyun ki, xəmir bir qədər də qabarsın. Sobanı 190Cdək isidin. Ayırdığınız yumurta sarısını bir qaşıq südlə qarışdırın. Bu qarışığı bulkaların səthinə çəkin. Listi sobanın orta gözünə yerləşdirib (2 listdən istifadə edirsinizsə, birini yuxarı, digərini aşağı yerləşdirib, 10 dəqiqədən sonra yerlərini dəyişin) bulkaları 20 dəqiqə, yaxud üstləri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: kesmikli, əlavə, stəkan, Xəmir, qoyun, kənara, qarışdırın, sarısını, bilər, yumurta, bulkaların, lazım, isidin, Üstünə, olmalıdır, yerləşdirib, yoğurun, dibinə, Kişmişi, şəkərsiz
BİZİ İZLƏYİN