• Masaya nə "geyindirək"?

Reseptin məlumatları Baxış sayı: 17 960

Tarix : 24-06-2015, 20:00

Bölmə : Süfrə düzəni


Masa üçün tekstilə düzbucaqlı süfrə, furşet "yubkaları", parça salfetlər, stullar üçün çexol, dairəvi masalar üçün örtüklər aiddir.

Süfrə - masa bəzəyinin əsas elementidir. Onun üç əsas funksiyası var. İlk əvvəl, o, masaya estetik görünüş verir (həmçinin köhnə mebelin əyər-əskiyini də örtür). İkincisi, o, boşqab və çəngəl-bıçağın səsini "udur". Üçüncüsü də onların masanın üzərində sürüşməməsinə imkan yaradır, sanki "bərkidir".

Süfrələrin ölçüsü onların hansı masa və hansı nahar üçün nəzərdə tutulmasından asılıdır.

Məsələn, əgər furşet stolu hazırlayacaqsınızsa, o zaman dördkünc süfrənin yalnız masanın üzərini örtməsi kifayətdir, ayaqlarını "yubka" da gizləyər.

Məsələn, 1,8x0,8x0,75 m ölçülü (0,75 m stolun hündürlüyüdür) masanı furşet üçün hazırlayırsınızsa, o zaman elə bir süfrə seçməlisiniz ki, o, masanın kənarlarından azı 30-40 sm sallansın. Bu vaxt sizə 2,6x1,8 m ölçüdə süfrə gərək olacaq. Stolun ayaqlarının açıq qalmasından qorxmayın, bunu furşet "yubkası" örtəcək.

Əgər eyni ölçüdə masanı ayrıca hazırlamaq qərarına gəlmisinizsə, tamamilə stolu örtəcək süfrə seçin. O zaman stolun həm eninin, həm də uzununun üstünə onun hər iki tərəfinin hündürlüyünü (0,75+0,8+0,75) = 2,3 (en) və 0,75+1,8+0,75 = 3,3 m (uzun) alınacaq, yəni 3,3x2,3 m ölçülü süfrə.

Dairəvi masanın örtüyü də dairəvi olmalıdır. Bəzən çox iri dairəvi masa üçün örtük tapmaq çətin olur. İş bundadır ki, bu cür örtüyün ortasında tikiş olmamalıdır. Məsələn, diametri 1,8 m olan masa üçün 3,3 m diametrli süfrə istifadə olunmalıdır. Bundan iri masa üçün süfrəni isə hər zaman tapmaq olmur. Masa dizaynerlərinin xoşuna gəlməsə də, burada da furşet "yubkası" köməyə gələ bilər.

Süfrənin rəngi ziyafətin xarakterindən asılıdır. Klassik olaraq bəyaz, süd, krem, fil dişi, bej rəngli süfrələrdən istifadə olunur. Amma digər birrəngli tonlar - zeytun, fıstıq, tünd-qırmızı, hətta qara rəngli süfrələr də masanızı gözəl göstərər. Əsas odur ki, onları başqa aksesuarlarla, qab-qacaqla düzgün tutuşdurasınız.

Çox zaman süfrənin üstünə naperon (gödək üst süfrə) çəkirlər. Bu, onu çirklənməkdən qoruyur və ömrünü uzadır, həmçinin fərqli görünüş verir.

Son vaxtlar üstü şüşə olan stollar dəbdədir. Mütəxəssislər belə masaları süfrə ilə örtməyi məsləhət bilirlər. Çünki masanın altında ayaqların görünməsi elə də xoş təəssürat yaratmır. Üstəlik, şüşə təhtəlşüur olaraq təhlükə hissi yaradır və bu üzdən həzm prosesini poza da bilər. Bu səbəbdən əgər onu tamamilə süfrə ilə örtmək mümkün deyilsə, ortadan ensiz naperon sala, boşqabların altına eninə qalın salfet döşəyə, yaxud onun bir tərəfini masanın aşağısına doğru sallaya bilərsiniz.

Ancaq ikiqat şüşə masalar da var: bunların aşağı qatı dekorasiya edilmiş və qeyri-şəffaf olur. Bunların üstünə salfetlər düzüb üstünə boşqabları qoya bilərsiniz.

Tünd rəngli və ya mat şüşənin üstünə salfet qoymamaq da olar.

Palıd ağacından hazırlanmış massiv masalar çox gözəl olur. Bunların üstünə süfrə çəkməmək də olar, ancaq boşqabların altına parça salfet mütləq döşənməlidir ki, üstü cızılmasın. Ancaq əgər bu masanın üzərində taxtanın fakturası (təbii cığırlar) aydın bilinirsə, bu masanın üstü mütləq süfrə ilə örtülməlidir.

Aralanıb genişləndirilə bilən stolların üzərinə süfrə sərmək isə mütləqdir.

Bizim əsrin əvvəllərindən stulları çexollarla örtmək dəbə minib. Ancaq bu, daha çox banketlərdə məqbuldur. Çexol stulun üstünə tam oturmalı, ayaqlarını tam örtməli və şəffaf olmamalıdır.

Parça salfetlər Avropada orta əsrlərdə peyda olub. Bunadək avropalılar ağızlarını paltarlarının qoluna, ya da döşəməyədək uzanan süfrənin ətəyinə silirdilər.

Süfrələri salfetlərlə dəst və ayrıca satırlar. Əgər dəst yoxdursa, süfrənin rənginə və materialına uyğun parça salfet seçmək lazımdır. Salfetlə süfrənin rəngi eynidirsə, o zaman heç olmasa, salfetin materialı daha nazik parçadan olmalıdır. Ancaq rənglər fərqlidirsə, material eyni ola bilər.

Parça salfetlərin ölçüsü müxtəlif olur: 32x32 sm və daha az ölçülü salfetləri səhər yeməkləri, 40x40 sm-dən 60x60 sm-dək və daha böyüklərini isə nahar və şam yeməkləri üçün hazırlanan masalarda istifadə etmək məqbuldur.

Salfetləri nişastalayıb dolabda saxlamayın, ziyafət günü nişastalayıb ütüləyin.

Əvvəllər parça salfetləri yaxalığa keçirirdilər. İndi isə onları diz üstünə sərmək daha düzgün hesab olunur (yalnız kiçik uşaqların boğazına salfet taxmaq olar).
Səhər yeməyi zamanı salfeti diz üstündə tam açmaq lazımdır.
Nahar zamanı isə diz üstünə ikiqat, qat yeri özünüzə tərəfə olmaqla qoyulur.
Yemək bitdikdən sonra istifadə olunmuş həm kağız, həm parça salfetləri çəngəl-bıçaqla birlikdə boşqabın içinə qoymaq lazımdır.
Etiketlər: süfrə, üstünə, masanın, zaman, süfrənin, parça, furşet, salfet, istifadə, Ancaq, salfetləri, ölçülü, lazımdır, Məsələn, rəngli, salfetlər, dairəvi, masalar, bilər, naperon
BİZİ İZLƏYİN