Tərkibi:
Arası üçün:350 q kərə yağı (ən az 82%-li)
Xəmir üçün:500 q soyudulmuş un
200 ml soyudulmuş süd
2 q qabartma tozu
40 q yaş maya (yaxud 13 q quru maya)
30 q şəkər pudrası
30 q bitki yağı
8 q duz (1 dolu ç.q.)
2 orta ölçülü yumurta (hərəsi 50 q )
Əlavə:yaymaq üçün un
1 yumurtanın sarısı və 1 x.q. süd (üstünə)
Vacib məqamlar:1. Yağlı xəmir hazırlayarkən yağın miqdarı unun miqdarına, yaxud onun üçdə birinə bərabər ola bilər.
2. Bütün ərzaqlar yaxşıca soyudulmalıdır (optimal temperatur - 4 dərəcə).
3. Un bərk buğdadan olmalıdır (17% qlütenin zülallı və ya 32% kleykovinalı).
4. Yaxşı olar ki, yaş mayadan istifadə edəsiniz.
5. Xəmir və kərə yağı eyni konsistensiyalı olmalıdır (yayarkən).
6. Xəmiri ancaq bir istiqamətdə yaymaq yaxşıdır.
7. Hər dəfə yaymazdan əvvəl arasına yağ çəkilmiş xəmir təxminən 4-6 dərəcəyədək soyudulmalıdr. Əgər soyuducunun temperaturu 10 dərəcədən aşağı düşmürsə, o zaman xəmiri 15 dəqiqə dondurucuda, 15 dəqiqə də soyuducuda saxlayın.
8. Xəmirin qatlarının çox olmasını istəyirsinizsə, onu hər dəfə üçə qatlayıb soyutmaqla ən azı 6 dəfə yaymaq lazımdır.
9. Yağlı xəmiri soyuq otaqda (15 dərəcə temperaturlu) hazırlamaq daha yaxşıdır.
10. Ən vacib məqam - səbrli olun!
Hazırlanması:Əvvəlcə yağı hazırlayın. Onu soyuducudan çıxarıb üstünə un səpilmiş qida plyonkasının üstünə qoyun, bunun üstünə də un səpin, qida plyonkası ilə örtün.
Bunu döyərək 100x125 mm ölçüdə düzbucaqlı şəklində yayın. Soyuducuda ən azı yarım saat saxlayın.
Xəmir yoğurmaq üçün əvvəlcə mayanı süddə əridin. Unun içinə qabartma tozu səpib ələyin, yumurta, şəkər pudrası, yağ, duz, mayalı süd əlavə edib xəmir yoğurun. Bütün bu prosesə (yoğurmağa) cəmi 2-3 dəqiqə sərf etmək lazımdır.
Xəmirdən 200x125 mm böyüklükdə düzbucaqlı yayın. Qida plyonkasına büküb 30 dəqiqə dondurucuda saxlayın (yaxud əgər 4-6 dərəcə soyudursa, soyuducuda saxlayın).
Sonra yağı və xəmiri soyuducudan çıxarın. Yağı xəmirin yarısının üstünə qoyun. Yağın qıraq tərəflərini azca basdalayıb əzin. Xəmirin o biri yarısını üstünə çəkin, kənarlarını birləşdirin (əgər yağ çox bərkdirsə, azca oxlovla əzin).
Sonra yavaşca basaraq, xəmirin ortasından başlayaraq ehmallıca yayın (irəli-geriyə, ancaq bir istiqamətdə). Ən azı 1 sm qalınlıqda yayın. Yayarkən həm taxtanın, həm xəmirin üstünə az-az un səpin.
Salfet kimi üç qatlayın, qida plyonkasına büküb dondurucuda 15 dəqiqə saxlayın, sonra isə daha 15 dəqiqəliyə soyuducuya qoyun.
Yayıb, qatlayıb soyutmaq prosesini daha 6 dəfə təkrarlayın. 6-cı dəfədən sonra xəmiri soyuducuda ən azı 30 dəqiqə (daha yaxşısı isə bir gecə) saxlayın.
Vacib məqam: hər dəfə xəmiri soyuducudan götürəndə onu əvvəlcə hansı istiqamətdə yaymışdınızsa, sonrakı dəfə ona perpendikulyar istiqamətdə yayın.
Nəhayət, kruassanları hazırlayarkən: xəmiri 3-5 mm qalınlıqda yayın. 10x10x20 sm tərəfləri olan üçbucaqlara kəsin.
Üçbucağın oturacağının ortasını çərtin. Sonra üçbucağı rulet kimi bükün. Çiy kruassanları 26-28 dərəcədə 30 dəqiqə saxlayın. Onlar şişənədək sobanı 190-200 dərəcə qızdırın.
Bunları siniyə düzün. Perqamentin üstünə qoya, yaxud sininin içinə un səpə bilərsiniz. Bir azacıq da su səpin (əlinizi isladıb siniyə çırtladın).
Süd və yumurtanın sarısını çalın, kruassanların üstünə çəkin. 190-200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: üstünə, dəqiqə, saxlayın, yayın, xəmiri, dərəcə, yaxud, istiqamətdə, xəmir, xəmirin, soyuducudan, soyuducuda, səpin, qoyun, dondurucuda, Sonra, Xəmir, yaymaq, düzbucaqlı, sonra