• İdeal plov hazırlamaq üçün ölkənin baş kulinarından A-dan Z-yə hər şey

Reseptin məlumatları Baxış sayı: 4 636

Tarix : 16-02-2018, 10:00

Bölmə : Məsləhətlər


Ölkəmizdə 200-dən çox plov növü var: şeştərəngi plov, şaşəndaz plov, qır-qır plov, əriştə plov, nar plov, şirin plov, meyvə plov, fisincan plov, dolma plov, döşəmə plov, şah plov, mərci plov, lobya plov, paxla plov, zəfəran plov, axtaplov, gilənar plov və s. Bunun üzərinə gələk Orta Asiyanın, Çinin, Koreyanın plovlarından tutmuş ta İtaliyanın rizottosuna qədər. Amma düyüdən ən mükəmməl və çoxsaylı plovlar, xörəklər, əlbəttə ki, Azərbaycandadır.

I ÜSUL
1. Düyü arıtlanır, aşsüzənin içərisinə tökülüb üzərinə soyuq su axıdılaraq yuyulur.
2. 1 kq. düyü, 6 litr su və 50 qr. duz götürülür. Su qaynadılır, qaynayan suya əvvəlcə duz atılıb qarışdırılır, sonra düyü tökülür. Düyü yarıbişmiş olana qədər qaynadılır.
3. Düyü aşsüzənə atılıb tam süzülür və üzərinə 2 stəkan soyuq su çilənir.
4. 7 litrlik qazan qızdırılır və 1 xörək qaşığı ərinmiş yağ ilə qazanın dibi yağlanır.
5. Qazmaq üçün qabaqcadan hazırlanmış yuxa və ya düyü, yumurta qatışığı qazanın dibinə yayılır.
6. Qazmağın üzərinə 1 lay düyü tökülür, düyünün üzərinə 1 xörək qaşığı ərinmiş yağ gəzdirilir, bir çimdik sarıkök və ya zəfəran suyu səpilir. Üzərinə 1 lay da düyü tökülür, yağ, sarıkök əlavə edilir və bu 4-5 lay təkrar olunur. Axırıncı layın üzərinə heç nə tökülmür.
7. Qazanın üstünə təmiz, ağ pambıq dəsmal qoyulur və qapaqla kip bağlanılır. Dəsmal düyüyə toxunmamalıdır. Qazan vam odda dəmə qoyulur.
8. Belə plov süfrəyə veriləndə plov çömçəylə qazanın dibindən götürülür boşqaba və ya siniyə qoyulur.
9. Hər pay plovun üzərinə qazmaq tikəsi qoyulur.
10. Belə yağlanmış laylarla bişirilmiş plovu süfrəyə verəndə üzərinə yağ tökmək lazım gəlmir.
11. Düyü dənələri parlaq olsun deyə düyü bişən suya bir az limon duzu atmaq olar.

II ÜSUL
Birinci üsulda olduğu kimi hazırlanır, amma düyünün hamısı qazmağın üzərinə tökülür. Plovun üstünə 4 xörək qaşığı yağ tökülür, sarıkök və ya zəfəran şirəsi əlavə edilib dəmə qoyulur.

III ÜSUL
Bu üsula daşma plov da deyilir.
Düyü arıtlanıb yuyulur, 30 dəqiqə duzlu suda isladılır, aşsüzəndə süzülür və qaynayan duzlu suya tökülür. Düyü suyu canına çəkib şişənə kimi bişirilir. Bundan sonra düyü qazanın qıraqlarından ortasına təpəcik kimi qaldırılır və üzərinə 4 xörək qaşığı ərinmiş yağ tökülür.
Qazanın ağzı təmiz, ağ pambıq dəsmalla örtülür və qapaqla bağlanıb dəmə qoyulur.
Sədri düyü 5-6 saat, Xan düyüsü isə 6-7 saat qabaqcadan duzlu suda isladılır.
Biz plov bişirəndə, düyünü dəmə qoyanda qazanın ağzını bezlə örtürük. Bu, dəm zamanı qalxan buxarı geriyə dönməyə qoymur. Bez artıq nəmi özündə saxlayır. XIII əsrdə ərəb dilində yazılan kitablarda xörəyin belə bişirilməsi metodundan bəhs edildiyinə görə, bu metodun da qədimliyindən danışmaq olar. XV əsrdə Şirvani babamız da plov bişirəndə bu metoddan istifadə edirdi.
Etiketlər: üzərinə, tökülür, qoyulur, qazanın, qaşığı, xörək, zəfəran, duzlu, ərinmiş, sarıkök, sonra, götürülür, yuyulur, qaynadılır, qaynayan, atılıb, süzülür, düyünün, süfrəyə, isladılır
BİZİ İZLƏYİN