• Süfrə bəzəməyin 5 qızıl qaydası

Reseptin məlumatları Baxış sayı: 12 984

Tarix : 17-11-2016, 11:00

Bölmə : Məsləhətlər


Azərbaycan xalqı sözün əsil mənasında çox qonaqpərvərdir. Bacarıqlı xanımlarımız qonaq qəbul edərkən, hərkəsin razı qalması üçün əllərindən gələni hətta gəlməyəni də etməyə çalışırlar. Müxtəlif növ soyuq, isti yeməklər və şirniyyatlarla süfrəni başdan-başa bəzəyirlər. Əziz kulinarlar, qonaqlıq süfrələrinizin daha da qüsursuz görünməsini istəyirsinizsə aşağıdakı bəndlərə diqqət yetirin:

1. Adından da göründüyü kimi, məclislərimizin ilk atributu süfrədir. Süfrə ilk növbədə təmiz, ütülənmiş olmalıdır. Süfrənin üzərinə müşəmbə (kleyonka) sərilməsi göz oxşamayacaq lakin altdan sərilmiş müşəmbə nəinki süfrənizi sürüşməkdən qoruyacaq eləcə də hər hansı yemək və içki tökülərsə masanızın üzərini təmiz saxlayacaq.

2. Xanımlarımız sevimli qonaqların gəlişi münasibəti ilə servantdakı ən gözəl və bahalı qab- qacağı çıxarıb, süfrəyə düzürlər. Lakin bəzən bahalı qab-qacaq hər kəsə çatmaya bilər. Qonaqlarınız arasında ayriseçkilik salmamaq üçün daha ucuz və hər kəsə yetəcək qədər eyni qablar ala bilərsiniz. Süfrənin üzərində parça salfetlə birgə kağız salfetlər də olmalıdır ki, əllə yeyilən yeməklərdən sonra rahat istifadə edilsin.

3. Süfrəyə ən birinci ədviyyatlar və souslar gətirilir. Soyuq qəlyanaltılar, salatlar və çörək isə qonaqlar gələr-gəlməz təqdim edilir. Süfrənin mərkəzində isə gecənin ən ləzzətli yeməyi üçün yer saxlanır. Zövqə görə masanın üzərini canlı çiçəklər və güllərlə bəzəyə bilərsiniz. Süni güllərin süfrədə olması isə arzuolunmazdır. Masaya isti xörəklər təqdim olunan zaman ilk öncə xanımların sonra isə bəylərin boşqabına qoyulur. Əgər qonağınız çoxdursa hər birinə növbə ilə sol tərəfdən yanaşıb, yeməyi özünün götürməsi üçün imkan yarada bilərsiniz. Çörəklər dilimlənmiş və bir neçə qabda süfrədə qoyula bilər.

4. Rahatçılığınız üçün qonaqlıq masasının yanına köməkçi masa qoyub üzərinə ehtiyyat üçün doğranmış çörək, içkilər, salfet və s. düzə bilərsiniz.

5. Soyuq qəlyanaltılar və salatlarla adətən araq, konyak, tünd şərab, isti xörəklər üçün kəmşirin şərablar, dessert və meyvələrlə likor, şampan içilməsi doğru hesab olunur. Meyvə şirələri və kompotlara məhdudiyyət qoyulmur. Qonaqlara qəhvə və çay təklif etmədən öncə süfrənin üzərini artıq yemək və qab-qacaqdan təmizləmək, lazım gələrsə süfrəni də dəyişmək məqbul sayılır. Şirniyyat üçün nəzərdə tutulmuş boşqab qəhvə və çayın sağ tərəfində olmalıdır.

Qonaq qarşılayarkən xoş rəftar və isti münasibət isə hər şeydən önəmlidir. Əks halda ən zəngin süfrə belə kimsənin könlünü oxşamayacaq.
Etiketlər: bilərsiniz, Süfrənin, olmalıdır, üzərini, sonra, süfrəni, oxşamayacaq, müşəmbə, xörəklər, qonaqlıq, bilər, təmiz, qəhvə, bahalı, üzərinə, süfrədə, yeməyi, qəlyanaltılar, çörək, yeməklərinizdə
BİZİ İZLƏYİN