• Kausa limenya resepti

Reseptin məlumatları Baxış sayı: 16 017

Tarix : 17-03-2016, 11:00

Bölmə : Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Deyilənə görə, bu soyuq qəlyanaltını hələ Kolumb Cənubi Amerikaya gedib çıxmamışdan hazırlayırmışlar. Keçua hindularının dilində "kausay" sözü "qida", "qidalandırıcı" və "kartof" mənasını verir. "Limenya" isə tərkibindəki laymın yox, sadəcə Perunun paytaxtı Limanın şərəfinədir. Zaman ötdükcə xörəyin hazırlanma qaydası da dəyişib, ona görə də variantları çoxdur.

Peruda bu təamın hazırlanması üçün kartofun xüsusi, sapsarı növündən istifadə edirlər. Üstəlik, tərkibinə yerli sarı bibərdən hazırlanmış püre də qatırlar. Əlimizin altında belə püre olmadığından biz sarıkökdən və tabasko sousundan istifadə edə bilərik.

Tərkibi:
1 kq kartof
2 laymın və ya 1 limonun şirəsi
2-3 x.q. bitki yağı
bir neçə qaşıq bulyon (vacib deyil)
0,5 ç.q. sarıkök
1-2 ç.q. tabasko sousu
duz

Toyuqdan iç:
500 q suda bişirilmiş toyuq əti
1 soğan
0,5 dəstə cəfəri
mayonez
duz
istiot

Balıqdan iç:
3 banka öz suyunda tuna balığı (180 qramlıq bankalarda)
1 soğan
mayonez

Servis üçün:
2 avokado
2 yumurta
qara zeytun
kahı
cəfəri

Hazırlanması:
Kartofu qabıqlı bişirin, qaynar-qaynar qabığını təmizləyin, digər ərzaqları əlavə edib püre halına salın. Soyudun.

Bişmiş toyuq ətini didin, xırda doğranmış soğan, bir neçə qaşıq mayonez, duz, istiot əlavə edib yaxşıca qarışdırın.

Tuna balığından istifadə edəcəksinizsə, suyunu süzün, çəngəllə əzin, xırda doğranmış soğan, mayonez, duz, istiot əlavə edib qarışdırın.

Keramik, yaxud silikon şüşə formanı bitki yağı ilə yağlayın. Pürenin 1/3 hissəsini dibinə döşəyin. Elə edin ki, arada boşluq qalmasın.

Üzərinə toyuq və ya balıqdan olan içi döşəyin, qalan pürenin yarısını üstünə döşəyin, hamarlayın.

Avokadonu lay-lay doğrayın, bərabər qaydada pürenin üstünə düzün, pürenin yerdə qalanını üstünə döşəyin, hamarlayın. Qabın üzərinə qida plyonkası çəkin, soyuducuda 1,5-2 saat saxlayın.

Süfrəyə verərkən doğrayın, kahı döşənmiş boşqablara düzün, bişmiş yumurta dilimləri, qara zeytunla bəzəyin, üzərinə xırda doğranmış cəfəri səpin.
Kausa limenya resepti

Kausa limenya resepti

Kausa limenya resepti

Kausa limenya resepti

Kausa limenya resepti


Nuş olsun!
Etiketlər: soğan, mayonez, döşəyin, cəfəri, xırda, toyuq, doğranmış, əlavə, istiot, pürenin, üstünə, istifadə, bitki, laymın, düzün, qaşıq, hamarlayın, doğrayın, tabasko, üzərinə
BİZİ İZLƏYİN