• Zəhərli göbələklərdən necə qorunmalı?

Reseptin məlumatları Baxış sayı: 12 473

Tarix : 22-01-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Statistikaya görə, qida zəhərlənmələri arasında ikinci yeri göbələkdən zəhərlənmələr tutur. Məişətdə bu məhsuldan yemək və müxtəlif salatların hazırlanmasında istifadə edilir. Yazın gəlişinə hələ xeyli vaxt qalsa da, market və bazarlarda istənilən qədər göbələk tapmaq mümkündür. Bəs, hansı halda göbələklər zəhərlənmələrə səbəb ola bilər və bu məhsulu alarkən nələrə diqqət yetirilməlidir?

Ötən il 26 nəfər zəhərlənib

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, göbələk təhlükəli qidadır və ondan zəhərlənmə ağır fəsadlara səbəb olur: “Göbələkdən zəhərlənmək, çox ciddi problemdir. Çünki göbələk qida məhsulu kimi mədəyə düşən zaman parçalanır və qana sorulur. Mədəni yumaq da effektiv nəticə verməyə bilir. Elə göbələk var ki, hətta bir dənəsinin də yeməyə qatılması bütöv bir ailəni məhv edə bilər. Ötən il göbələk zəhərlənmələri ilə bağlı mərkəzə 26 nəfər müraciət edib. Onlar arasında bir ailə var idi. Həmin ailədən bir uşaq xəstəxanada, digəri isə hələ evdə olarkən dünyasını dəyişmişdi”.

Şöbə müdirinin sözlərinə görə, daha çox meşədən dərilən göbələklər zəhərlənmələrə səbəb olur: “Meşədən göbələk dərib istifadə etmək düzgün deyil. Çünki hətta yeməli göbələyi yaxşı tanıyan adam da çaşa bilər. Yeməli göbələklə zəhərli göbələklər oxşardır, bunları bir-birindən ayırmaq çətindir. Heç kəs zəmanət verə bilmir ki, meşədən dərdiyi göbələk zəhərlidir, ya yox. İnsanlar, xüsusilə kənd əhalisi bilməlidir ki, meşədən dərdiyi göbələk faciələrə səbəb ola bilər”.

A.Maqsudov onu da deyib ki, göbələk zəhərlənməsinin ilk əlamətləri onu qida məhsulu kimi qəbul etdikdən yarım saat və ya 40 dəqiqə ərzində başlayır. Elə göbələklər var ki, onlar bir-iki saatdan sonra öz nəticəsini göstərir.

Satışdakı göbələklər yoxlanılacaq

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə Ailem.az-a bildirib ki, mərkəz satışda olan təzə və konserviləşdirilmiş göbələkləri yoxlayır. Belə monitorinqlərin bu il də davam edəcəyini deyən İ.Abdullayevin sözlərinə görə, əvvəlki yoxlamalarda bu sahədə heç bir nöqsan aşkarlanmayıb: “Təzə göbələklərin saxlanma şəraitinə və yararlılıq müddətinə diqqət yetirilməlidir. Konservləşdirilmiş göbələklərin hazırlanmasında isə xüsusi qaydalara əməl edilməlidir. Monitorinqlər zamanı bu qaydalara əməl edilməsi vəziyyətini araşdırırıq. Belə yoxlamalar bu il də aparılacaq”.

Şöbə müdiri qeyd edib ki, məişətdə daha çox “şampinion” göbələyindən istifadə edilir, satışda olanlar da bu növ göbələklərdir.

Nələrə diqqət yetirmək vacibdir?

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Ailem.az-a bildirilib ki, qablaşdırılmamış halda, açıq şəkildə satılan göbələklərin alınması risklidir və diqqətli olmaq lazımdır: “Göbələklər sanitar norma və qaydalara riayyət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Təzə göbələkləri növündən və saxlanma temperaturundan asılı olaraq, ən çoxu 2-5 sutka saхlamaq olar. Saxlama zamanı stabil temperaturun təmin olunması vacib şərtlərdən biridir. Bu məhsulların saxlanması üçün optimal temperatur isə 0-5ºC hesab olunur. Göbələk təmiz, quru, ziyanvericilərin təsirinə uğramayan və kənar qoxusu olmayan yerlərdə saxlanmalıdır. Saxlama müddətinin uzadılması üçün göbəklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saхlanılma muddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-8ºC-də 75 faiz nisbi rütubətdə, pasterizə olunmuş halda 12 ay, pasterizə edilməyənləri 8 ay saхlamaq olar”.

Məlumatda bildirilir ki, göbələk qablaşdırılmış taralar markalanmalı və üzərində istehsalçının adı və ünvanı, əmtəə nişanı, xalis çəkisi, əmtəə və botanik növü, yığılma və qablaşdırma tarixi, saxlanma müddəti və şərtləri, standarta uyğunluğu haqda informasiya olmalıdır.

Göbəyin 40-dan artıq növü zəhərlidir

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata əsasən, Azərbaycanda bitən 500 növədək göbələkdən 40-dan artıq növü zəhərlidir. Solğun amanita, yalançı kötükcə, panmerli amanita, sarı dərili şantunyon, kükürdlü və kərpici yalançı kötükcə və başqaları zəhərli göbələklərdir. Qeyd edilir ki, göbələklə zəhərlənmə, ağırlaşmalara səbəb olaraq çox vaxt ölümlə nəticələnə bilir. Bu məhsuldan zəhərlənmənin səbəbi, onların tərkibində olan bir sıra birləşmələrin, orqanizmin orqan və sistemlərində ağır pozğunluqlara səbəb olması ilə izah edilir. Zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma və ishal əlamətləri ilə başlayaraq qusuntu kütləsində göbələk qırıntıları aşkar edilir. Tezliklə orqanizmdə susuzluq və su-elektrolit mübadiləsinin pozulması üçün səciyyəvi əlamətlərdən kəskin zəiflik, baş ağrısı, baş gicəllənməsi, dərinin avazıması, nəbz vurğularının zəif, sapvari olması və taxikardiya müşahidə olunur. Temperatur yüksəlir, sinir sistemi pozğunluqlarından yuxululuq və ya əksinə, oyanma, ölüm qorxusu hissiyatı, bəzən isə əzələnin qıclığı qeyd olunur. Həmin əlamətlər getdikcə inkişaf edərək birinci günün axırında və ya bir qədər sonra dəridə və selikli qişalarda sarılıq olur. Bəzən 1-2-ci günlərdə nisbətən yaxşılaşmış ümumi əhval fonunda qəflətən koma inkişaf edir. Digər təsadüflərdə isə xəstəliyin 4-8-ci günlərində qastroenterit əlamətləri azalır, böyrək və qara ciyərin fəaliyyətinin pozğunluğu əlamətləri üstünlük təşkil edir. Bu hala damar mənfəzinin iflici qoşularsa, sağlamlığın bərpa edilməsi çətinləşir, çox vaxt qəflətən ölüm baş verir.
Etiketlər: göbələk, səbəb, göbələklər, edilir, əlamətləri, göbələklərin, diqqət, halda, bilər, məhsulu, müdiri, qəflətən, olaraq, olunur, qaydalara, saxlanma, sonra, göbələkləri, meşədən, zəhərlidir
BİZİ İZLƏYİN