• Dondurma alarkən bunlara mütləq diqqət edin! - ARAŞDIRMA

Reseptin məlumatları Baxış sayı: 12 175

Tarix : 23-01-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Dondurma mövsümü artıq başlayıb. Mağazalarda dondurma satışında həm qiymətinə, həm də növlərinə görə çeşid bolluğu var. Bəs yediyimiz dondurmalar keyfiyyətlidirmi?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev Ailem.az-a bildirib ki, istehlakçılar aldıqları dondurmanın təhlükəsiz olub-olmadığını bilməlidirlər: “Dondurma dondurulmuş şəkildə əhaliyə satılan süd məhsuludur. Bu məhsulların təhlükəsizlik göstəricilərinə diqqət yetirilməsi vacidbir. Üzərində istehsal edildiyi müəssisə və yararlılıq müddəti haqqında məlumatların olmadığı dondurmaları almaq olmaz. Dondurma alarkən onun qablaşdırıldığı qaba və formasına da diqqət yetirmək lazımdır. Əriyib yenidən dondurulmuş məhsullar öz keyfiyyətini itirir və onları almaq olmaz”.

Son illər Azərbaycanda dondurma hazırlayan müəssisələrdə təmir işlərinin aparıldığını və avadanlıqların yeniləndiyini deyən İ.Adbullyev yerli dondurma istehsalının inkişaf etdiyini bildirib: “Dondurma istehsal edən müəssisələr demək olar ki, Bakıda yerləşirlər. Onlar standartlara uyğun məhsullar istehsal edirlər. Amma bununla yanaşı, rayon ərazilərində yerləşən kiçik dondurma istehsalı müəssisələri də var ki, onlarda bəzi nöqsanlar aşkarlanıb və sertifikat verilməsi dayandırılıb. Ötən il Şamaxıda fəaliyyət göstərən belə bir müəssisə aşkarlandı və ona dondurma istehsalı ilə bağlı sertifikat verilməsi dayandırıldı. Yenə belə hallar aşkar edilsə, lazımı tədbirlər görüləcək. Yetərli şərait olmadan dondurma istehsal etməyə çalışan kiçik sexlərə gigiyenik sertifikatlar verilməyəcək”.

Dondurma sexlərində monitorinqlərin nə vaxt aparılacağına gəlincə, İ.Adullayev qeyd edib ki, bu tədbirlər plan əsasında və yaxud alıcıların şikayəti üzrə aparıla bilir. Ona görə də bu il belə reydlərin nə vaxt baş tutacağı hələlik məlum deyil.

Azərbaycanda dondurma istehsalı sahəsində problemlərdən danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ailem.az-a deyib ki, dondurma uzun müddət saxlanıla bilməyən süd məhsuludur: “Əgər dondurmanın saxlanma müddəti uzun göstərilirsə, deməli, ona çoxlu kimyəvi maddələr qatılıb. Alıcılara məsləhət görürəm ki, saxlanma müddəti qısa olan dondurmalara üstünlük versinlər”.

E.Hüseynovun sözlərinə görə, standartlara əsasən, dondurma istehsalında kərə yağından istifadə edilməlidir: “Lakin çox hallarda dondurmanın tərkibinə standartların əksinə olaraq, kərə yağları deyil, bitki yağları, marqarinlər qatılır. Təəssüflər olsun ki, ölkədə satılan dondurmaların 80 faizinin tərkibi belədir. Həmçinin onları hazırlayarkən təzə süddən deyil, quru süddən istifadə edilir”.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyə edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dondurma alarkən onun formasına, saxlanma şəraitinə və dadına diqqət yetirilməlidir: “Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da keyfiyyətinin aşağı düşməsi deməkdir. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlanma müddəti ötmüş dondurmaları almaqdan çəkinin”.

Nazirlikdən bildirilib ki, saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu, yoluxma etimalını artırır: “Dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansa tış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 C-dən yüksək olmayan temperaturda saxlanmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir”.

Dövlət xidməti əhalinin diqqətinə çatdırır ki, dondurma satışı ilə əlaqədar hər hansı pozuntu hallarına rast gəldikdə xidmətə müraciət etsinlər: “Bununla hər bir vətəndaş özünün sağlamlığının qayğısına qalmaqla, həm də daxili bazarın keyfiyyətsiz məhsullardan təmizlənməsinə dəstək vermiş olacaq”.
Etiketlər: dondurma, dondurmaları, saxlanma, müddəti, istehsal, dondurmanın, alarkən, diqqət, istehsalı, deyil, Dondurma, istifadə, temperaturda, şəbəkəsində, dondurulmuş, standartlara, məhsuludur, Dövlət, müəssisə, olaraq
BİZİ İZLƏYİN