• Bal - "min bir dərdin dərmanı"

Reseptin məlumatları Baxış sayı: 10 861

Tarix : 5-02-2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Bal qədimdən ən faydalı və əvəzsiz məhsullardan biri sayılır.
Bal müxtəlif vitaminlər (B1, B2, B6, fol turşusu, K, C, E, A provitamini), mikroelementlər (dəmir, kalium, fosfor, mis, yod, sink və s.), qlükoza, fruktoza, antioksidantlar, aminturşuları, fermentlər, enzimlərlə olduqca zəngindir. Məhz bu zəngin tərkibinə görə bal əsl "min bir dərdin dərmanı"dır.
Balın 60-dan artıq növü var. Bütün bal növləri faydalı sayılır.
Bal dəmirlə çox zəngindir. Bu səbəbdən qanazlığı zamanı bal əsl əvəzedilməz təbii dərmandır. Ümumiyyətlə qan-damar sistemi, demək olar, bütün xəstəlikləri zamanı baldan müalicəvi vasitə kimi geniş istifadə olunur.
Bal güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərlə tanınır. Bu xüsusiyyətlərə görə bal (xüsusən cökə balı) soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.
Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.
Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara bal çox yaxşı kömək edir.Tədqiqatçılar sübut edirlər ki, öz antiseptik və yara sağaldan xüsusiyyətlərinə görə bal mədədə və bağırsaqlarda olan kiçik xoraları sağaldır, burada yaşayan ziyanlı mikrobların sayını xeyli azaldır. Bu səbəbdən bal mədə və 12 barmaq bağırsağı xorası, xroniki qastrit, enterit, kolit və s. xəstəliklərinin müalicəsi zamanı əvəzsiz vasitədir. Lakin onu da nəzərinizə çatdıraq ki, lazım olan müalicəvi effekt almaq üçün balı uzun müddət ərzində hər gün ilıq suda həll olunmuş şəkildə qəbul etmək lazımdır.
Hal hazırda dükanlarda müxtəlif "enerji verən" içkilər satılır. Bu içkilərə olan münasibət birmənalı deyil - bəziləri onların effektli və ziyansız, digərləri isə çox ziyanlı olduqlarını söyləyir. Bu halda sizə bir məsləhət verə bilərdik. Fəal və gümrah olmaq istəyirsinizsə, səhər tezdən 1 çay qaşığı bal qatılmış 1 stəkan təmiz su için. Bu sizə lazım olan enerjini bəxş edəcək və eyni zamanda mədə-bağırsaq sisteminin "saat kimi" işləməsinə təkan verəcək (xüsusən bu qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir).
Dediyimiz kimi, bal təbii antibiotik, antiseptik və virus əleyhinə "preparat" sayılır. Bu səbəbdən bal dəridə olan furunkullar ( çiban), irinli yaraların və həmçinin stomatitlərin müalicəsində uğurla istifadə olunur.
Bal qara ciyərin, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, orada olan iltihablarla mübarizə aparır.
Bal ginekologiyada da geniş istifadə olunur. Uşaqlıq yolu və uşaqlıq boynu iltihabları zamanı balla olan tamponlar təyin edilir. Uşaqlıq boynu eroziyası zamanı da bal yaxşı effekt verir. (Hər bir halda müalicə üsulları həkim tərəfindən seçilməli və təyin olunmalıdır.)
Bal həmçinin kosmetologiyada istifadə olunur. Bal maskaları üz dərisini daha hamar və cavan edir, xırda qırışları yox edir.
Sellülitin müalicəsi zamanı balla bürünmələr və balla masaj çox yaxşı effekt verir.
Bal öz faydalı xüsusiyyətlərini itirmədən uzun müddət, hətta uzun illər ərzində saxlayır. Lakin bunun üçün balı düzgün saxlamaq lazımdır - temperaturası 20 C-dən artıq olmayan quru qaranlıq yerdə yaxşı bağlanan şüşə və ya saxsı qablarda (plastik qablarda yox!). Soyuducuda balı saxlamaq olmaz. Ümumiyyətlə bal nə soyuğu nə də istini "sevmir". Bu səbəbdən balı isti suya və ya südə əlavə edib içmək olmaz. Balı çaya əlavə etmək məsləhət görülmür ki, bu halda balın bəzi faydalı xüsusiyyətləri itir.
Bal aldıqda onun həqiqətən bal olduğuna əmin olmaq lazımdır. Təbii balın özünə məxsus ətri var. Bəzi ballar çox ətirli, digərləri az ətirli olur. Lakin əgər balın heç bir ətri yoxdursa, bu, çox güman ki, təbii məhsul deyil. Təbii bal yedikdə, o boğazı qıcıqlandırır və sanki "yandırır".
Qaşıqdan tökülən təbii bal heç vaxt damcılanmır, düz şırnaqla axır və bu şırnaq bal qurtarana kimi kəsilmir.
Etiketlər: zamanı, yaxşı, təbii, xəstəlikləri, istifadə, olunur, balın, effekt, səbəbdən, Lakin, faydalı, müalicəvi, sayılır, verir, halda, balla, lazımdır, müddət, əvəzsiz, saxlamaq
BİZİ İZLƏYİN