Çilidə konqrio və sibasla yanaşı, daha bir ənənəvi xörək var - Pastel de choclo (Pastel de çoklo). Ümumiyyətlə, ispanca "pastel" piroqdur, duzlu və ya şirin. Amma bu variantda piroqdan əsər-əlamət yoxdur, tipik zapekankadır. Çilidə piroqdan ancaq adı qalıb, əvəzinə belə qəşəng və orijinal xörək yaranıb. Özü də onu saxsı küpələrdə bişirəndə daha dadlı olur.
Tərkibi:6 ədəd təzə qarğıdalı
250 q yağsız qiymə
3 ortaboy toyuq budu
4 yumurta
1 st. süd
1 iri baş soğan
1 ç.q. paprika
1 x.q. kişmiş
10 ədəd qara zeytun
1 ç.q. zirə (üyüdülmüş)
1 ç.q. oreqano qurusu
duz
istiot
bir neçə reyhan yarpağı
2 x.q. şəkər tozu
Hazırlanması:Qarğıdalını yarpağı və saçaqlarından təmizləyin. Sürtgəcin iri gözündən keçirin. Yaxud da iti bıçaqla cecəsindən ayırıb blenderdə xırdalayın.
1 ç.q. duz və xırda doğranmış reyhan yarpaqları əlavə edin. Yaxşıca qarışdırın. Süd əlavə edin. Əgər qarğıdalının suyu çox çıxıbsa, o zaman 1 stəkan əvəzinə yarım stəkan süd götürün. Bir kənara qoyun.
Yumurtaları suda bişirin.
Soğanı xırda doğrayın, bitki yağında yumşalınca qovurun. Xırda doğranmış sarımsaq, qırmızı istiot (paprika), zirə, oreqano əlavə edib qarışdırın, gözlətmədən qiyməni əlavə edin, qovurun.
Qarğıdalı-süd qarışığını ocağın üstünə qoyun, qaynara düşəndən sonra 15 dəqiqə daim qarışdıraraq bişirin.
Bişmiş krem qatılığına gəlməlidir.
Qarışdırarkən qazanın dibində qaşıqdan iz qalar və rəngi saralarsa, krem hazırdır.
Toyuq budlarını tavada qızardın. Hər yanı qızarsın, tam bişməsin.
Hazır qiyməni formanın (yaxud saxsı küpənin) dibinə yayın. Üstünə bir-birindən aralı toyuq ətini düzün. Aralarına dörd bölünmüş (yaxud fal-fal doğranmış) bişmiş yumurtaları və zeytun düzün. Üstünə kişmiş tökün.
Qarğıdalıdan hazırladığınız kremi üstünə qoyun (üstünü tam örtsün).
Üstünə şəkər tozu səpin.
200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Üstü yaxşıca qızarmalıdır.
Azca soyudub süfrəyə verin. Kahı yarpağı və tərəvəzlə də dadlı olur.
Nuş olsun!
Etiketlər: əlavə, bişirin, qoyun, doğranmış, yarpağı, Üstünə, yaxud, əvəzinə, qarışdırın, oreqano, zeytun, kişmiş, saxsı, dadlı, dəqiqə, düzün, paprika, xırda, stəkan, Pastel