Tərkibi:3 st. uzun düyü
4 x.q. ərinmiş kərə yağı
1 st. təmizlənmiş şabalıd
1/2 st. quru ərik
1 st. quru gavalı
1/2 st. quru İran xurması
1/2 st. ağ kişmiş
1 kq kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (istəyə görə sümüklü də ola bilər)
1 ədəd baş soğan (nazik yarımhalqalar şəklində doğrayın)
1/3 çay qaşığı zəfəran teli - döyülmüş və 3 x.q. qaynar suda həll olunmuş
duz
istiot
yuxa
Hazırlanması:Düyünü təmizləyin, ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.
Düyünü ləyənə qoyub, üstünü örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.
Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, gavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.
Plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz tökün. Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində aradabir qarışdıraraq bişirin. Düyünün dadına baxın - hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.
Qazanda 1 xörək qaşığı kərə yağı əridin. Yuxanı əl böyüklüyündə parçalara bölün. Qazanın dibinə döşəyin. Üzərinə azca yağ gəzdirin. Toyuq ətini yuxanın üstündən düzün. Bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir-birinə qarışacaq və ikisi də bir qədər yumşalacaq.
Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağı tökün.
Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.
Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran şirəsi tökün.
Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dən-dən olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.
İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.
Qeyd: quru meyvə xoşlamayanlar ondan toyuq döşəməsində ondan istifadə etməyə də bilərlər. Bu zaman 1 yox, 2 soğan istifadə edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: dəqiqə, qaşığı, üstünə, tökün, xörək, ərzində, bişirin, üstündən, düyünün, əlavə, toyuq, Düyünü, qədər, qapağını, qızardın, Qazanın, təxminən, düzün, soğan, qoyun