Tərkibi:toyuq
soğan
yerkökü
kartof
heyva
çili istiotu
ədviyyat: duz, qara və qırmızı istiot, sarıkök, keşniş toxumu, cirə, mixək, darçın
yağ
Hazırlanması:Toyuğu doğrayıb tajində (yoxdursa, qalın dibli dərin tavada) qızılı rəng alanadək qızardın. Burada bir fənd var: toyuq döşü quru, budları isə zərif olduğundan, yaxşı bişməsi üçün toyuq döşünü altdan, budları isə üstdən qoyun.
Toyuğun yalnız budunu, buddibini, qanadlarını və döşünü qızardın. Duz-istiot vurun. Qalanının ətli yerini kəsib ayırın (qiymə üçün lazım olacaq, təxminən 150 q), "yavan" hissəsini isə yerkökü və soğanla birlikdə bişirib bulyon hazırlayın.
Soğanı toyuğu qızartdığınız tavada iri doğrayaraq qovurun. Onu da duzlayıb-istiotlayın.
Soğanı çıxarıb uzunasına, iri doğranmış yerkökünü həmin yağda qovurun. Üyüdülmüş qara istiot, cirə (badyan), mixək və darçını bir qədər şəkər tozu ilə qarışdıraraq yerkökünün üzərinə səpin. Şəkər tozu əriyib, yerkökü yumşalanda bir neçə diş sarımsaq əlavə edin.
Bu müddətdə kartofu iri doğrayıb qızardın. 3 heyvanı iki bölüb cecəsini çıxarın. Ayırdığınız toyuq ətini xırdalayın, soğan, 1 ovuc düyü, ədviyyat (sarıkök, keşniş toxumu, qara və qırmızı yandıran istiot) əlavə edib qarışdırın. Heyvaların içini doldurun.
Yerkökünün üzərinə lay-lay soğanı, qızarmış toyuğu, çili istiotunu, qızarmış kartofları və içi doldurulmuş heyvaları düzün.
Bir qədər bulyon tökün. Bulyonu çox eləmək lazım deyil. Çünki bişdikcə ərzaq yumşalıb çökəcək, bulyon isə axıb plitənin üzərinə töküləcək. Qapağını örtüb vam odda bişirin.
Nuş olsun!
Etiketlər: toyuq, istiot, bulyon, üzərinə, qızardın, yerkökü, lazım, budları, əlavə, döşünü, Soğanı, qədər, qovurun, toyuğu, tavada, qızarmış, mixək, sarıkök, keşniş, toxumu