• Ətli-sarımsaqlı qatlama resepti

Reseptin məlumatları Baxış sayı: 15 158

Tarix : 6-01-2017, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
xəmir:
500 q un
250 ml su
1 yumurta
0,5 ç.q. duz

iç:
1 kq mal əti (qiymə)
2 baş soğan
0,5 ç.q. üyüdülmüş keşniş toxumu
duz
qara üyüdülmüş istiot

sous:
350 ml qatıq
2 diş sarımsaq
2-3 nanə budağı
duz
qırmızı üyüdülmüş istiot

Hazırlanması:
Unu ələyin, ortasında çala açıb içinə su, duzla çalınmış yumurta töküb xəmir yoğurun. Sellofan torbaya qoyub 20 dəqiqə saxlayın.

Qiyməni xırda doğranmış soğan, duz, istiot və üyüdülmüş keşniş toxumu ilə yoğurun.

Xəmiri və içi üç yerə bölün.

Bir kündəni 40-45 sm diametrdə nazik yayın.

Üzərinə için 1/3-ni kənarlarından 1,5-2 sm saxlamaqla yayın. Rulet kimi bükün. Kənarlarını yapışdırın ki, bişəndə şirəsi axmasın.

Xəmirin və için qalanını da eyni cür hazırlayın.

Mantı qazanının sinisini bitki yağı ilə yağlayıb ortasına ruleti spiral kimi qoyun. Çalışın, rulet çox hündür alınmasın. Əgər hündür alınıbsa, əlinizlə üstündən azca basıb yastılayın.

Qatlamanı buxarda 50 dəqiqə bişirin.

Sous: Qatığın içinə sarımsağı sürtgəcdən keçirin, xırda doğranmış nanə, duz, qırmızı üyüdülmüş istiot qatıb qarışdırın. Sous qablarına paylaşdırın. Üzərinə pul bibər və nanə qurusu da səpə bilərsiniz.

Bişmiş qatlamanı buluda qoyun. Üzərinə bol kərə yağı gəzdirin. Doğranmış şüyüd səpin, 5-7 sm enində dilimlərə doğrayın.

Nuş olsun!
Etiketlər: üyüdülmüş, istiot, Üzərinə, doğranmış, dəqiqə, yoğurun, qoyun, yayın, hündür, içinə, xəmir, xırda, toxumu, keşniş, yumurta, soğan, qırmızı, buxarda, Qatlamanı, bişirin
BİZİ İZLƏYİN