• Şah plov (Xan plovu) resepti

Reseptin məlumatları Baxış sayı: 45 346

Tarix : 8-04-2017, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Xatirə


Tərkibi:
4 st uzun düyü
1 kq suda bişmiş sümüksüz qoyun əti
500 q təmizlənmiş şabalıd
3 ədəd baş soğan
4 x.q əridilmiş kərə yağı
1 st kişmiş
10 ədəd qaysı
10 ədəd albuxara ya da alça turşusu
Sarıkök ya da zəfəran
Limon duzu
Duz
İstiot

Qazmaq üçün:
2st un
50 q kərə yağı
2 yumurta
1x.q xama
Duz

Hazırlanması:
Hazırlığa başlamadan öncə düyünü bir qabda bir neçə saat suya qoyuruq.

Şabalıdın qabıqlarını təmizləyirik. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq. Doğranmış soğanı tavaya töküb, duz səpib, yağ əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq. Əvvəlcədən suda bişmiş əti tavada yağ əlavə edib qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu, istot səpib qarışdırırıq. Qovrulmuş soğan ilə əti qarışdırırıq. Kişmiş, qaysı və turşunu tavaya yağ əlavə edib qovururuq.

Qazmağı hazırlayırıq. Un ilə yağı ovuruq. Üstünə yumurtanı, xamanı və duzu əlavə edib qarışdırırıq. Xəmiri yoğururuq. Yumşaq xəmir olur. Xəmiri bir balaca və bir böyük hissələrə bölürük. Böyük kündəni yuxa kimi yayırıq. Qalınlığı yuxadan az qalın olsun. Sobaya yerləşə biləcək bir qazan götürürük. Onun içini yaxşı yağlayırıq. Yayılmış yuxanı qazanın içinə yerləşdiririk (Qazmaq kimi hazır yuxadan da istifadə edə bilərsiniz).

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü toküb bişiririk. Düyünü tökən kimi qarışdirin ki, bir birinə yapışmasın. Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük. Bişmiş düyüdən az tökürük və üzərinə şabalıd tökürük. Yenə düyü əlavə edib üstünə əti tökürük və qovurduğumuz turşuları aralarına düzürük. Yenə düyü tökürük. Qovrulmuş kişmiş ilə qaysını əlavə edirik. Kişmişin üstünə yenə düyü əlavə edib yağlayıb balaca yuxanı yayıb üzərinə sərib yanlarını bərkidirik. 180-200 dərəcədə qabaqcadan qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük. Süfrəyə verilən plov üsdən kəsilir və qaşıqla götürülür.
Bu plovu istəsəniz kiçik qablarda adam başına düzəldə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, tökürük, üzərinə, qovururuq, qarışdırırıq, Qovrulmuş, qoyuruq, səpib, bişmiş, düyünü, yuxadan, Xəmiri, balaca, tavaya, tavada, Böyük, sarıkök, soğan, kişmiş, şabalıd
BİZİ İZLƏYİN