Tərkibi:
xəmir: 0,5 st. şəkər tozu
1,5 st. un
100 q kərə yağı və ya marqarin
1 paket (10 q) qabartma tozu
iç: 4 yumurta
600 q kəsmik
2/3-1 st. şəkər tozu
1 paket vanil
üzərinə: 4 x.q. qatılaşdırılmış süd
6 dolu x.q. xama
şokolad sousu
Hazırlanması:Xəmir üçün olan ərzağı qarışdırıb ovuntuq halına gətirin. Bunu blenderdə də edə bilərsiniz, soyuq yağı unla döyüb şəkər tozu əlavə edərək də. Blenderdə qarışdırarkən yağın çox soyuq olması vacib deyil.
İçi hazırlayanadək soyuducuya qoyun.
Kəsmik suludursa, ona 2 x.q. un qatın, qurudursa, lazım deyil.
Zövqə görə içə sukat, gilənar qurusu, kişmiş əlavə edə bilərsiniz. Bunun üçün onları əvvəlcədən qaynar suda isladın, şişəndən sonra süzün, qurudun, una batırın, içə əlavə edin.
İç üçün olan ərzağı qarışdırın, sonra əl blenderi ilə xırdalayın (quru meyvələrsiz).
Kənarı açılan formanın içinə (24 sm diametrli, yaxud 22x22 sm ölçüdə dördbucaqlı) perqament döşəyin. Kənarlarına isə yağ çəkin.
Ovuntuq xəmirin yarısından çoxunu formaya töküb hamarlayın, üstündən basmaq lazım deyil.
İçi tökün, hamarlayın.
Quru meyvəni bu zaman əlavə edə bilərsiniz. Qalan ovuntuq xəmiri bərabər qaydada üstünə səpin.
Formanı 180-190 dərəcə qızdırılmış sobaya qoyun. 50-60 dəqiqə bişirin. Piroqun üstü qızaracaq. Bişməyə son 5 dəqiqə qalmış "mərməri" hazırlayın.
Qatılaşdırılmış südlə xamanı çəngəllə çalın.
Qaynar piroqun üzərinə bərabər qaydada yayın.
Şokolad sousunu ara-bərədə damcıladın (adi şokoladı su hamamında əridib istifadə edə bilərsiniz), sonra kibrit və ya diş çöpünü bu damcıların içindən keçirərək hərəkət etdirib mərmər effekti yaratmağa çalışın.
Piroqu soyuducuda 2 saat (ən yaxşısı 1 gecə) saxlayın. Sonra kənarlarını iti bıçaqla ayırıb formanın qırağını açın. Piroqu dördbucaqlı, yaxud romb formasında doğrayın.
Nuş olsun!
Etiketlər: bilərsiniz, əlavə, deyil, şəkər, sonra, yaxud, ovuntuq, Piroqu, formanın, hamarlayın, qoyun, ərzağı, dəqiqə, lazım, soyuq, bərabər, üzərinə, paket, dördbucaqlı, qaydada