Tərkibi (iri məcməyi üçün):
Xəmir üçün:1 kq un
5 yumurta
100 q ərinmiş yağ
50 q gül suyu
azca su
İç üçün:qoz
şəkər tozu
hil
Arası üçün:1 kq kərə yağı
Şərbət üçün:1 l su
1 kq şəkər tozu
Üzəri üçün:zəfəran
qoz
xaş-xaş
Hazırlanması:Təmizlənmiş qozu maşından keçirib şəkər tozu və hillə qarışdırın.
Xəmir üçün olan ərzaqları qarışdırıb xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib təxminən yarım saat saxlayın.
Xəmiri 9 yerə bölüb kündələyin, birini daha iri tutun (altı üçün). İri kündəni məcməyidən bir qədər iri böyüklükdə nazik yayın. Paxlava xəmiri istidə yayılanda cırılır, odur ki, soyuq otaqda yayın.
Məcməyini yağlayın. Yaydığınız lavaşı içinə döşəyin, kənarları azca sallansın.
Üzərinə iç qoyub bərabər yayın.
Digər kündələri məcməyi boyda yayıb, prosesi təkrarlayın. Son lavaşı paxlavanın üzərinə çəkib, kənarlardan sallanan birinci lavaşın qırağını qatlayıb altına salın.
Sonra paxlavanı doğrayın. Əvvəlcə nişanlayın, sonra doğrayın. Çalışın ki, altdakı xəmirlə qoz yuxarı çıxmasın. Bunun üçün iti bıçağı arada suya batırın (əla bir üsul da var - bıçağı odda qızdırıb paxlavanı kəsmək).
10 q zəfəranı həvəngdəstədə döyün, çay kimi dəmləyin. Sonra şotka ilə ehtiyatla paxlavanın üzərinə çəkin.
Ağ xaş-xaş yoxdursa, qara xaş-xaşın üstünə qaynar su tökün, sonra dəsmalın arasında qurudun. Sonra paxlava romblarının aşağı və yuxarı hissələrinə azacıq səpin. Ortalarına qoz, yaxud badam basın.
Gəncə paxlavası ocaqda bişir. Ocağı qalayıb köz salanda kənarlarına 4 qırmızı kərpic düzüb məcməyini üstünə qoyun. Amma əvvəlcədən ortadakı közü azacıq dağıdın, yaxud kənara çəkin ki, ortası yanmasın.

[center]


[/center]
Bir müddət sonra paxlavanın ətri yayılır, deməli, üzərinə ərinmiş yağ gəzdirmək lazımdır ki, layları yaxşıca qızarıb bişsin. Bıçaqla kənarından qaldırıb paxlavanın rəngini yoxlayın.
Altı bişməyə yaxındırsa, üstünü də bişirmək lazımdır. Məcməyinin kənarına 4 şiş düzün, üzərinə də başqa məcməyini çevirin (şiş ona görə düzülür ki, üstdəki məcməyi paxlavanı əzməsin). Altdakı közdən götürüb üstdəki məcməyinin üstünə tökün (altda da bir az qalsın).
Bişəndən sonra təxminən 2 l qaynar şərbəti paxlavanın üzərinə gəzdirin. Soyuyandan sonra bir də doğrayın.
Bu resept ocaqda paxlava bişirməyə şəraiti olanlar üçündür. Kimdə belə şərait yoxdursa, kefini pozmasın. Sobada da bişirmək olar, özü də fərqli paxlavalar: badamla, qozla, yaşıl fıstıqla, hətta qarışıq.
Nuş olsun!
Etiketlər: üzərinə, paxlavanın, sonra, doğrayın, yayın, paxlavanı, Sonra, üstünə, şəkər, məcməyi, yoxdursa, yuxarı, lavaşı, bıçağı, tökün, center, lazımdır, bişirmək, üstdəki, məcməyini