• Novruz süfrəsi necə olmalıdır?

Reseptin məlumatları Baxış sayı: 12 309

Tarix : 12-03-2018, 14:30

Bölmə : Süfrə düzəni


Novruz bayramında diqqət ediləsi məqamlarda ən vacibi süfrə tərtibatıdır. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar. Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi.

Bayram süfrəsi bəzəyərkən ən vacib amili unutmaq olmaz: süfrəyə acı, şor, turş nemətlər qoymazlar. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq, acika və s. hətta bəzi mənbələr şor qoğalın qoyulmasına qarşı çıxırlar.
Süfrədə çörək mütləq olmalıdır. Çünki o bərəkətin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.

Stola 7 ədəd S hərfi ilə başlayan qidalar qoyulması adətini, yəqin ki, hamı bilir: səməni, su, süd, sarı qızıl, sünbül, siyənək balığı, süzmə, sucuq və s. Niyə bu belədir, soruşursunuzsa, deyə bilərik ki, keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür xörək, 7 cür şirniyyat, 7 cür çərəz... (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. Bunu bacaran ailə ilə tamlıq, bötövlüklə keçə bilirdi.

Novruz süfrəsində meyvə-tərəvəz, xüsusilə də təzə göyərti bol olmalı, balıq məhsullarına yer ayrılmalıdır. Məsələn cənub bölgəsində Novruz bayramında süfrədə mütləq balıq olmalıdır.

Xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.

süfrem.az
Etiketlər: süfrəyə, Novruz, bayramında, balıq, zamanlarda, hətta, bütün, mütləq, bərəkətin, Çünki, olmalıdır, yumurta, süfrədə, Məsələn, nemətlər, qədər, qələbəsinə, üzərində, qırıb, çöpünü
BİZİ İZLƏYİN