• Şorqoğal resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 236 346

Tarix : 12-03-2018, 11:30

Bölmə : Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Əslində, Novruz süfrəsinə duzlu (şor) deyil, şirin qoğal qoyarlar. Şirin qoğalın xəmiri və hazırlanma qaydası də aşağıda göstərdiyimiz kimidir, fərq içidir ki, onu da qoz-fındıq və şəkər tozunun bərabər nisbətdə qarışığından hazırlayırlar.

Tərkibi (16 -18 ədəd üçün):
Xəmir üçün:

1 paket (2 1/4 ç.q.) toz maya
1 stəkan ilıq su
6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə
2 çay qaşığı duz
1 stəkan süd - otaq hərarətində
1 yumurta
200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

İç üçün:
2 x.q. cirə
2 x.q. razyana
0,5 ç.q. sarıkök
1 ç.q. duz
bir çay qaşığının 1/4-i qədər istiot
2 stəkan un
115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı

Yağlamaq üçün:
500 q əridilmiş yağ

Üstü üçün:
2 yumurta sarısı
1 x.q. xaş-xaş

Hazırlanması:
Əvvəlcə xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.
Şorqoğal resepti - FOTO RESEPT


Bu müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).
Şorqoğal resepti - FOTO RESEPT


Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.
Şorqoğal resepti - FOTO RESEPT


Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.

2 iri soba sinisini hazırlayıb kənara qoyun.

Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.

Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik dairə alınanadək yayın.

Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.

4 x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa, hamısını yağlayın (hər sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib, kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun). İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm olana kimi dartın.

İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm uzunluğunda düzbucaqlı şəridlərə kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan birini istifadə edərək doldurun.
Şorqoğal resepti - FOTO RESEPT


1-ci üsul: ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.

2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir): Ruleti əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi). Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın (göbələyin papağına oxşar).

Oyuğun içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.
Şorqoğal resepti - FOTO RESEPT


Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.

Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın.

Qoğalların mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: qoyun, əlavə, xəmir, sonra, dəqiqə, əlinizlə, kənara, stəkan, deyil, üstünə, olana, yumurta, qarışdırın, əridilmiş, qədər, Xəmiri, xəmiri, Qoğalların, bağlayın, kündəni
BİZİ İZLƏYİN