• Razyana

Reseptin məlumatları Baxış sayı: 1843

Tarix : 9.09.2017, 14:00

Bölmə : Faydalı bitkilər




Razyana (aptek şüyüdü) xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər, Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.

Botaniki təsviri
Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.

Adi razyananın sarı rəngli, beş ləçəkli xırda çiçəkləri var. Onlar mürəkkəb çətirşəkilli çiçək qrupuna toplanmışlar. Meyvəsi yetişəndə 2 merikarpiyə (yarımmeyvə) ayrılan, uzunluğu 10 mm-ə, eni 4 mm-ə qədər olan sallaqmeyvədən ibarətdir. İyul-avqust aylarında çiçək açır, sentyabrda meyvəsi yetişir.

Yayılması
Adi razyana yabanı halda Aralıq dənizi sahili ölkələrində, Krımda, Qafqazda, Orta Asiyanın cənub rayonlarında yayılmışdır. Ukraynada, Moldovada, Şimali Qafqazda, Rusiyanın Voronej və Krasnodar vilayətlərində sənaye miqyasında becərilir.

Adi razyanaya ölkəmizdə Xəzərsahili düzənliklərdə, Abşeronda, Lənkəran düzənliklərində təsadüf edilir. Suvarma kanallarının, yolların kənarında, dənizkənarı qumluqlarda və s. yerlərdə bitir.

Xammalı
Dərman xammalı kimi adi razyananın meyvəsi - Fructus Foeniculi istifadə olunur. Onu mürəkkəb çətirin mərkəzində yerləşən meyvələrin tam yetişdiyi dövrdə toplayırlar. Bitkinin yerüstü hissəsini biçib götürür, döyüb meyvələrini ayırır, onların qurudulmasını başa çatdırır, qüsurlu hissələrdən və kənar qarışıqlardan təmizləyirlər.

Hazır xammalın saxlanma müddəti 3 ildir.

Kimyəvi tərkibi
Adi razyana meyvəsinin tərkibində 2-6% efir yağı, 18%-ə qədər piyli yağ, zülali maddələr, şəkər, qətranlar, kəhrəba, alma və s. üzvi turşular aşkar edilmişdir. Efir yağının əsas komponenti anetol aromatik birləşməsidir. Bundan başqa efir yağının tərkibinə fenxon, az miqdarda cirə turşusu, cirə aldehidi, cirə ketonu, α-pinen, kamfen, α-fellandren, metilxavikol, dipenten və s. terpenlər daxildir.

Piyli yağının tərkibi petroselin, olein, linol, palmitin və stearin turşularının üçqliseridlərindən və sabunlaşmayan maddələrdən təşkil olunmuşdur.

Piyli yağdan 30-35% bərk üçqliseridləri ayırmaq və kakao yağının əvəzedicisi kimi istifadə etmək olar.

Farmakoloji xüsusiyyətləri
Adi razyana meyvəsinin halen preparatları (dəmləmə, bişirmə və s.) ödqovucu, spazmolitik, diuretik, bəlğəmtəmizləyici, antibakterial təsir göstərir, həzm vəzilərinin, həmçinin bronxial və süd vəzilərinin sekresiyasını gücləndirir, bağırsaqların motor funksiyasını tənzim edir.

Razyana meyvəsinin preparatları mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir. Bitkinin efir yağından hazırlanan preparatı meteorizm əleyhinə effektli təsir göstərir və qazların orqanizmdən xaric olmasını təmin edir.

Tibdə tətbiqi
Adi razyana meyvəsinin preparatları müasir tibdə mədə-bağırsaq traktının bağırsaq spazmı, dispepsiya, bağırsaq ağrıları və meteorizmlə müşayiət olunan və digər xəstəliklərində tətbiq olunur. Bronxitdə, öskürəkdə və yuxarı tənəffüs yollarının digər xəstəliklərində adi razyananın halen preparatları bəlğəmtəmizləyici, iltihab və öskürəkkəsici vasitə kimi istifadə edilir. Meteorizmdə, xüsusilə körpə uşaqlarda tez-tez baş verən bu xəstəlikdə adi razyananın efir yağından hazırlanan "razyana suyu" və ya "şüyüd suyu" preparatı qazqovucu vasitə kimi geniş tətbiq edilir.

Adi razyana meyvəsinin xammalı ödqovucu, qazqovucu, mədə xəstəlikləri əleyhinə işlədilən bir çox yığıntıların tərkibinə daxildir.

Müəllif: Cəmil Xəlilov / əczaçılıq elmləri namizədi
Etiketlər: meyvəsinin, razyana, yağının, preparatları, istifadə, razyananın, edilir, yarpaqları, tətbiq, təsir, yuxarı, qədər, göstərir, bağırsaq, xammalı, olunur, meyvəsi, Gövdəsinin, mürəkkəb, çiçək
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN