• Qışın daha bir qatili: turşular da can alır... - QORUNMA YOLLARI

Reseptin məlumatları Baxış sayı: 2 709

Tarix : 20-12-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Bu günlərdə Bərdə rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verdi. Rayonun Xanərəb kəndində yaşayan Məmmədovlar ailəsinin 5 üzvü pomidor turşusundan zəhərləndi. Onlardan 2-si azyaşlıdır.

“Qeyd edilən zəhərlənmə hadisəsinin baş verməsinə turşunun xarab olması deyil, tərkibindəki botulizm çöpləri səbəb olub”. Bunu mediaya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirmişdi. Onun sözlərinə görə, tərəvəz məhsulları yaxşı yuyulmadıqda, onun saxlanacağı qablar düzgün sterilizə olunmadıqda botulizm çöpləri turşunun tərkibinə öz toksinlərini yayır. Nəticədə turşunu yeyən şəxslər zəhərlənir: “Turşunun tərkibində botulizm çöplərinin olub-olmadığını bilmək olmur. Çünki botulizm qoyulan turşunun nə dad, nə görüntü, nə də qoxusunda heç bir dəyişikliyə səbəb olmur. Bunu gözlə müəyyən etmək mümkünsüzdür. Bu səbəblə evdə turşu hazırlayarkən diqqətli olmaq tələb olunur”.

Bu, ilin bütün fəsillərində özünü göstərən qida zəhərlənmələrindən sadəcə bir örnəkdir. Amma qışda insanımızın turşuya olan meylini nəzərə alanda statistikanın qabaracağı şübhəsizdir. Biz azərbaycanlılar yayda qış üçün turşu, mürəbbə.... hazırlığı görən ev qadınları yetişdirən ailələrdə böyümüşük. Bir qadının başucalığı onun həm də yaydan başladığı hazırlığıdır. Çünki bu, ailənin büdcəsinə də ciddi qatqı deməkdir. Amma heç də həmişə bu, müsbət sonluq vermir. Bəli, turşu hazırlamaq ciddi bilgi, təcrübə tələb edir. Onun tərkibinə miqdarından az və ya çox hansısa məhsulun atılması gələcəkdə zəhərlənməyə, bəzən də ölümə səbəb ola bilər. Nəyə, necə diqqət edək ki, turşu zəhərə dönməsin?

Plastik qabda satılan ölüm...

Əsas məqamlardan biri odur ki, hazırda ev şəraitində hazırlanan turşular bazarlarda, plastik qablarda satışa çıxarılır. Keyfiyyətli dedikləri turşu plastik qabdadır. Bu, ikiqat təhlükəlidir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə riskli tərkib yaranır.

Turşu plastik qabda, üstü açıq satılmamalıdır. Əllərə əlcək geyinilməlidir. Turşuya qoyulacaq tərəvəzlər təzə olmalı və təmiz yuyulmalıdır. Çünki zəhərlənməyə səbəb olan botulizm çöpləri xarab, kifli və natəmiz ərzaqlarda olur. Həmin mikroblar qapalı şəraitə düşən zaman çoxalır, nəticədə qış vaxtı turşu bankasından yediyiniz belə mikroblu tərəvəzlər dərhal ölümcül zəhərə çevrilə bilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev deyir ki, evdə hazırlanan turşular mütləq bazarlardakı baytarlıq laboratoriyalarında yoxlanandan sonra satışa çıxarılmalıdır.

Getdiyimiz bazardakı baytarlıq-sanitariya-ekspertiza laboratoriyasına da baş çəkdik, amma orda heç kim yox idi. Xatırladaq ki, bazarlardan alınan turşularda zəhərlənmə halı baş verərsə, burda məsuliyyəti bazarın sahibi, baytarlıq labaratoriyası və satıcı daşıyır.

Turşu olmamışdan əvvəl dərmanlanan tərəvəzlər

Amma kulinarlar bu məsələdə fərqli fikirdədir. Kulinariya saytlarında bu məsələnin detallarına geniş yer verilib. Turşudan zəhərlənmə bir neçə faktorla əlaqədar baş verir. Bunlardan biri kimyəvi faktordur. Pomidoru və xiyarı yetişdirəndə o qədər kimyəvi maddələr vururlar ki, adi vəziyyətdə də bu tərəvəzlərdən adam zəhərlənə bilər. Zəhərli maddələr turşuya qoyulduqdan sonra da tərəvəzlərin tərkibində qalır və zəhər onların içində yox olmur. Turşudan zəhərlənməyə tərəvəzlərdəki mikroblar da səbəb olur. Torpaqdakı mikroblar məhsulun üzərində qalaraq havasız şəraitdə inkişaf edir. Turşunun qabı bağlandıqdan sonra o mikroblar qapalı yerdə yavaş-yavaş havasız şəraitdə inkişaf edib artmağa başlayır. Bu da zəhərlənmə yarada bilir.

Bu baxımdan da ilkin məsləhət kimi əldən və bazardan deyil, dövlət tərəfindən nəzarət olunan sənaye üsulu ilə hazırlanan turşuları almaq məsləhət görülür. Bəzi incə detallara da diqqət edək:
1. Turşu qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır. Turşunun köhnə olmamasına diqqət etmək lazımdır.
2. Turşu qabına fikir vermək lazımdır ki, qapağının ağzı şişmiş və ya deformasiyaya uğramış olmasın. Diqqət yetirilməlidir ki, turşu qabının qapağının qırağından hava keçməsin.

Daha bir nüans. Hazırda həm marketlərdə, həm də bazarlarda satılan turşu məhsullarının demək olar ki, hamısına Səhiyyə Nazirliyi tərəfindən ekspertiza sertifikatları verilib. Əslində isə bu məhsulların heç də hamısının istifadəyə yararlı olduğunu demək olmaz. Bundan başqa ekspertlər iddia edir ki, Səhiyyə nazirliyi qida zəhərlənmələri ilə bağlı statistikanı açıqlayarkən həmişə evdə bağlanan şorabalardan olan zəhərlənmələr haqqında məlumat verir. Ancaq şirkət, firma və fabriklərin məhsullarından zəhərlənənlər üzə çıxarılmır.

Bazarlarda rəqabət - rayon turşuçuları şəhərdəkilərdən, şəhərdəkilər də onlardan narazılıq edir
Biləcəri qəsəbəsində yerləşən bazarlardan birindəki turşu bölməsində isə vəziyyət olduqca dramatikdir. Çünki bütün bazarlarda olduğu kimi, orda da turşuların üstü açıq satılır. Satıcılar bunu müştərilərin onu görməsi üçün edirlər. Üstəlik, hər kəs bir ağızdan iddia edir ki, bazarda həkimlər turşuların keyfiyyətini yoxlayırlar.

Maraqlı burasındadır ki, şəhərdə turşu hazırlayanlar rayonda bu işlə məşğul olanların səriştəsizliyindən, rayondakılar isə Bakıdakı rəqiblərindən narazıdılar. Çünki söhət zamanı satıcıların arasında rayondan gələnlər də vardı, şəhərlilər də. Şəhərli turşuçular hesab edirlər ki, rayon yerində bu məsələyə həssas yanaşmırlar, bəzən tərəvəzin çürük olanını balona doldudurlar, ya da yaxşı yumurlar. Bu isə zəhərlənmələrə səbəb olur. Amma rayonda bu işlə məşğul olanların arqumentinə görə, şəhərlilərin gerçək turşudan xəbəri olmur və çoxlu dərmandan istifadə edirlər. “Görüntüyə fikir verirlər, amma içinə yox”. Bunu da Qusardan gələn turşu satıcısı olan bir xala dedi.

Bundan başqa, bazar satıcıları əmindilər ki, indi səs-sorağı çox çıxan turşu zəhərlənmələrinin çoxu mağaza turşusundan olur. Sadəcə, firmalar antireklam olunmasın deyə “hörmət” edirlər və bu səbəbdən də onlarla bağlı bu neqativ faktlar tirajlanmır.
Amma mütəxəssislər deyir ki, mağazalardan alınan turşulara da xüsusi diqqət etmək lazımdır. Məsələn, ilk növbədə turşunun qabının üzərindəki bütün məlumatları dəqiq oxumaq lazımdır. Turşunun köhnə olmamasına diqqət etmək vacib şərtdir. Bundan başqa, turşu qabına fikir vermək lazımdır ki, qapağının ağzı şişmiş və ya deformasiyaya uğramış olmasın. Diqqət yetirilməlidir ki, turşu qabının qapağının qırağından hava keçməsin.

Əvvəl duzlu suda saxlanmalı, sonra sterilizə edilməli...

Mütəxəssislər məsləhət görür ki, məhsulu alarkən onun hansı şəraitdə yetişdirilməsi diqqətə alınmalıdır. Ona çoxlu gübrənin vurulması da əsas səbəb ola bilər. Çünki bu halda adam mikrobdan yox, elə gübrədən zəhərlənəcək. Çox vaxt turşu bağlayarkən strelizə etmirlər ki, tərəvəzlər təbii qalsın. Bu da çox vaxt müsbət nəticə vermir.

Turşunun hazırlanma prosesində təmizliyə ciddi riayət etmək lazımdır. Tərəvəz torpaqlıdırsa, yaxşı yumaq lazımdır. Xüsusilə də tərəvəzlərin saplaq hissəsində istər-istəməz torpaq qalır. Yaxşı olar ki, tərəvəzlər əvvəlcədən duzlu suda saxlanılsın, ondan sonra sterilizə edilsin.

Adi alıcı normalara cavab verməyən məhsulu, xüsusilə də turşunu ayırd edə bilməz. İnsanlar daha çox istehsalat şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan istifadə etməlidirlər. Konservləşdirilmiş məhsulların normalara cavab vermədiyini yalnız laboratoriya şəraitində aşkarlamaq mümkündür. Adi alıcının tutmanın normalara cavab vermədiyini bilməsi mümkün deyil.

Zəhərlənmə əsasən konservləşdirmə zamanı bankanın və tərəvəzin təmiz yuyulmadığına görə baş verir. Bu zaman bankada yaranan botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənmə gedir. Bu da müxtəlif insanlarda özünü bir cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir. İnsanlar tutmanın zəhərlənməyə səbəb olub-olmayacağını ayırd edə bilərlər: Bunun üçün öncə turşu qoyulan qabın qapağına fikir vermək lazımdır. Əgər qapaq şişibsə, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəzin turşusunun suyu bulanıqdırsa və ağ çöküntü verirsə, demək zəhərlənmə verəcək.

Turşudan zəhərlənən kimi 2-3 stəkan su içmək, sonra isə...

Dəriyə düşən turşu və ya qələvini 5-10 dəqiqə ərzində isti su ilə yumaq lazımdır. Əgər gözə düşərsə, gözü 20-30 dəqiqə ərzində yumalı, sarğı bağlayaraq mütləq həkimə müraciət edilməlidir. Turşu vasitəsilə qida zəhərlənməsində isə xəstəyə süd, çiy yumurta və ya bitki yağı içirdilməlidir.

Turşu və qələvi ilə zəhərləndikdə (sirkə turşusu, karbol, oksalat turşuları, kaustik soda, lehim zamanı işlədilən məhlul) mədəni özbaşına yumaq olmaz, bu qusmanı daha da gücləndirər və maddələrin tənəffüs yollarına düşməsinə səbəb olar. Təkrar yanmaya yol verməmək, maddələrin qatılığını azaltmaq üçün zərərçəkənə 2-3 stəkan su içirtmək, gözün və dodaqların selikli qişasına düşmüş maddələri bol axar su şırnağı ilə yumaq tövsiyə olunur. Bəzi quru kimyəvi maddələrin su ilə reaksiyaya girməsinin qarşısını almaq üçün onları fasiləsiz olaraq intensiv axar su ilə yuyaraq zərərsizləşdirmək lazımdır. Xəstəyə yardım göstərilən zaman qoruyucu əlcəkdən istifadə edilməlidir.
Etiketlər: turşu, lazımdır, səbəb, zəhərlənmə, Çünki, sonra, Turşu, botulizm, diqqət, tərəvəzlər, etmək, turşunun, kimyəvi, fikir, edirlər, zəhərlənməyə, olmur, qabının, Turşunun, mikroblar
BİZİ İZLƏYİN