• Paxlava resepti

Reseptin məlumatları Baxış sayı: 202 363

Tarix : 12-03-2018, 20:30

Bölmə : Şirniyyatlar / Şərbətli şirniyyatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

0,5 kq un
1 ç.q. şəkər tozu
250 ml süd
1 yumurtanın sarısı
40 q xama
100 q kərə yağı
1 ç.q. maya
2 paket vanil
1 çimdik duz

İç üçün:
1 kq təmizlənmiş badam (qoz, fındıq)
1 kq şəkər tozu
vanil
hil
istəyə görə - muskat cevizi, mixək

Arasına üçün:
300-400 q kərə yağı

Şərbət üçün:
1 st. şəkər tozu, 1-1,5 st. su, vanil, hil, 0,5 limon, zəfəran (yaxud, bunların hamısının əvəzinə bal)

Üstünə:
50 ədəd bütöv badam, yaxud fındıq, qoz ləpəsi
1 yumurtanın sarısı
1 ç.q. bitki yağı

Hazırlanması:
Xəmirin ərzaqlarını qarışdırıb yoğurun. 1-2 saatlığa soyuq yerdə saxlayın. Adətən, paxlavanı şəkərburadan artıq qalan xəmirdən də hazırlayır, yaxud paxlava xəmirini bir sutka soyuducuda saxlayırlar.

Xəmirdən 8 (9, 12 - istəyə bağlıdır) kündə tutub sellofan torbaya yığın. Bunlardan ikisi digərlərindən daha böyük olmalıdır (alt və üst üçün).

Kərə yağını əridin. Sinini yağlayın. Sininin kənarları minimum 3-4 sm hündürlükdə olmalıdır. Böyük kündələrdən birini 0,5-0,7 mm qalınlıqda yayın. Sininin içinə döşəyin. Kənarları sininin kənarlarına çıxsa, daha yaxşı olar. Üzərinə kərə yağı çəkin.

Balaca kündələrdən birini daha nazik - 0,5 mm qalınlıqda yayıb sininin içindəki lavaşın üstünə qoyun. Artıq hissələrini kəsin, üzərinə yağ çəkib, iç tökün. Əlinizlə hamarlayın.

Beləliklə, hər lavaşı yağlayıb üzərinə iç səpin, əlinizlə azca basın ki, laylar arasında hava qalmasın.

Sonuncudan əvvəlki lavaşın üzərinə yağ çəkin, amma iç səpməyin. Lap axırda iri kündə qalmalıdır. Onu da 0,5-0,7 mm qalınlıqda yayıb o biri lavaşların üzərinə döşəyin. Altdakı lap birinci lavaşın sinidən kənara çıxan hissəsini üst lavaşın altına səliqə ilə yığıb hamarlayın.

Sonra iti bıçaq və bir kibrit qutusu götürün. Kibritin uzun tərəfini sininin bir tərəfinə bitişdirərək o biri tərəfindən bıçaqla lavaşın üzəriylə nazik xətt aparın (xətt çəkin, amma kəsməyin). Kibrit qutusunun alt hissəsini də bıçağın ucuyla xəmirin üzərinə qeyd edin. Sonra kibrit qutusunu bu xəttin üzərinə sürüşdürün və yenə bıçaqla o biri tərəfində xətt cızın. Beləliklə, kibrit qutusunun enində şəridlər alınacaq. Sonra isə kəsişən xətləri çəkmək lazım olacaq. Bunun üçün də ktbrit qutusundan istifadə edin. Beləliklə, romblar alınacaq.
Bıçağın ucunu qızdırıb bəllədiyiniz xətlərin üstüylə paxlavanı doğrayın.

Yumurtanın sarısına 1 q. bitki yağı, vanil (şəkərsiz) əlavə edib çalın. Sonra isə paxlavanın üstünə, hər bir rombun üzərinə ayrılıqda çəkin (əllə çəkəndə daha səliqəli alınır). Hər rombun ortasına bir badam (fındıq, qoz) qoyub, azca basın.

Sonra paxlavanı yarım saat isti yerdə saxlayın. O, azca şişəcək. Bu müddətdə sobanı qızdırın.

Yarım saat sonra sinini 180-200 dərəcə qızdırılmış sobaya qoyun. Emallı qabda kərə yağını əridin. 10 dəqiqə sonra paxlavanı sobadan çıxarıb bıçaqla kəsdiyiniz xətlərin üzərindən bir daha keçin. Üzərinə qaynar yağ gəzdirin. Sonra yenidən sobaya qoyun. Temperaturu 150-160 dərəcəyədək azaldın. Üstü qızılı rəngə çalanda, 150 dərəcədə bişirməyə başlayın. (Əgər soba bərabərtərəfli bişirmirsə, sinini fırlatmaq, yerini dəyişmək, yaxud da sobanın üst, yaxud alt gözündən birini söndürmək lazım gələcək, əsas odur, yanmasın).

Şərbət: 10-15 q zəfəranı stəkana qoyun, üzərinə stəkanın yarısınadək qaynar su tökün, dəmləyin. 1 st. şəkər tozunun üzərinə 1-1,5 st. su töküb vam odun üzərinə qoyun. Qaynara düşəndə içinə limon sıxın. Sonra ocaqdan götürüb qarışdıra-qarışdıra hil, vanil əlavə edin. Zəfəranlı suyu süzüb şərbətlə qarışdırın.

Paxlava bişənə yaxın onu sobadan çıxarıb üzərinə qaynar şərbət tökün. Sonra daha 5 dəqiqə sobada bişirin.
Bəzən şərbət əvəzinə baldan istifadə edirlər. Bu zaman paxlavanı təkrar sobaya qoymaq lazım gəlmir.

Nuş olsun!
Etiketlər: üzərinə, Sonra, lavaşın, yaxud, vanil, qoyun, paxlavanı, şəkər, çəkin, kibrit, qaynar, sobaya, birini, qalınlıqda, bıçaqla, sininin, Beləliklə, fındıq, badam, lazım
BİZİ İZLƏYİN